Zahid Orucun Seçki Qərargahının rəhbəri: “Seçilmiş Prezident hamımızın Prezidentidir, seçiləcək Prezident də hamımızın Prezidenti olacaq”
“Zahid Orucun prezidentliyə namizədliyi ilə bağlı cəmiyyətimizin müəyyən qruplarında və bir çox “ekspertlər”də suallar meydana çıxıb. “Zahid Oruc Heydər Əliyev siyasi kursunu dəstkləyirsə o zaman o niyə öz namizədliyini irəli sürüb?” Yaşadığımız cəmiyyət və dövlət sivil və demokratik dəyərlərə söykənir. Hər bir Azərbaycan vətəndaşının kimliyindən, baxışlarından və daşımış olduğu siyasi kursdan aslı olmayaraq seçib seçilmək hüququ var”. Bunu prezidentliyə namizəd Zahid Orucun Seçki Qərargahının rəhbəri Ərəstun Əlioğlu İctimai Radioda (dünən) prezidentliyə namizədlər üçün təşkil edilən ikinci debatda çıxışı zamanı dilə gətirib.
Onun dediyinə görə, ən azından bir Türkiyə modelini gözlər önünə gətirmək daha yaxşı olar- Atatürk bu gün MHP-çinin də, CHP-çinin də, hətta AKP-çinin də Atatürküdür.
Seçki Qərargahının rəhbəri bildirib ki, bu siyasi partiyaların hər bir üzvü milli kimliklərindən və daşımış olduğu siyasi mənsubiyyətlərindən aslı olmayaraq Atatürk ideyaları ilə nəfəs alır, onunla qürur duyur, hakimiyyətə gəldikdə isə onun ideyaları ilə silahlanırlar:
“Ulu öndər Heydər Əliyev siyasi kursu təçkcə bir nəfər üçün- yəni cənab Prezident İlham Əliyev və onun ətrafında cəmlənmiş insanlar üçün keçərli deyil. Bəli qəbul edilən haldır ki, cənab Prezident də bu siyasi kursun daşıyıcısıdır və o, bu kursa daha yaxın olan bir insandır. Ancaq cəmiyyətimizin bəzi qrupları onu da anlamalıdır ki, bu kursu tək bir nəfər daşımır və daşımamalıdır da. Hər bir vətəndaş bu gün Azərbaycanda Heydər Əliyev kursunun daşıyıcısıdır. Çünki bu ümumi bir kursudur. Bu gələcək nəsillər üçün və ən ümdəsi isə gələcək Azərbaycan üçün keçərli bir kursdur. Biz düşünürük ki, gələcək nəsillərə Heydər Əliyev ideyalarının, onun dövlətçilik ənənələrinin ötürülməsi olduqca önəmli və olduqca gərəklidir. Və məhz bu zehniyyətə əsaslanaraq bildiririk ki, Zahid Oruc müstəqil namizəd olaraq öz namizədliyini irəli sürüb. Biz bu düşüncənin özlərinə müxalif deyib, xalqın tərəfində olduqlarını bəyan edən tərəflərə də önəririrk.
Təbii olaraq Seçilmiş Prezident hamımızın Prezidentidir. Seçiləcək Prezident də hamımızın Prezidenti olacaq. Zahid Oruc bu gün də Heydər Əliyev siyasi kursuna sadiqdir, səhər də sadiq olaraq qalacaq. Zahid Oruc məhz bu siyasi kursu əsas götürərək öz seçiciləri qarşısına çıxmışdır. Zehniyyətlərdə bu addım bu cür xatırlanmalı və bu cür qəbul edilməlidir. Məqsəd amal, arzu, istək, niyyət birdir. Xalqa xidmət! Vətəndaşa xidmət!
Biz seçimlərə gedirik, vətəndaş qarşısına çıxırıq. Təbii olaraq bu seçimlərdə əsas sözü xalq deyəcək, o seçəcək. Çünki doğru hər zaman xalqa məxsus olub. Biz artıq siyasi səhnədəyik. 73 dairədən 44 minə yaxın imza toplaya bilmişiksə bu o deməkdir vətəndaşlar bizim namizədin seçimin dəstəkləyir, ona bu yolda yaşıl işıq yandırır. Atılan addım əslində bu ölkənin nə dərəcədə sivil, demokratik və şəffaf bir ölkə olduğunu bir daha ortaya qoymuş olur. Burda problemlərdən danışıldı. Hər bir cəmiyyətdə olur. Heş kimi bunu danmır və gizlətmir. Ancaq ölkədə aparılan quruculuq işlərini də biz dana bilmərik. Məgər özlərinə müxalifət deyən şəxslər ölkədə görülən işləri görmürlər? Quruculuq işlərini görmürlər? Ordu quruculuğu, yolların çəkilişi, səhiyyədə nailiyyətlərin əldə olunması..
Biz yenə bildiririk ki, bəli ölkədə problemlər var və bu problemlər dövlətin ayrı-ayrı strukturlarında yer alan şəxslər və hətta ölkənin birinci şəxsi tərəfindən də dilə gətirilir. Bu problemlərin mövcudluğu dövlət vətəndaş münasibətlərinə təbii olaraq təsir göstərir. Biz düşünürük ki bu münasibətlərin normal səviyyəyə gətirilməsi üçün bir sıra addımların atılması vacibdir və mühimdir. Və məhz bu fikirə köklənərək cəmiyyətimizə ASAN dövlət modelini təqdim edirik”.
O, çıxışında həmçinin deyib ki, məmur-vətəndaş münasibətləri ilə bağlı fikirlərini bölüşmək istəyir:
“Biz bilirik ki, bu gün məhz vətəndaş məmur münasibətlərində normallaşmaya ehtiyac var. Çünki bu addım dövlətin varlığında, onun qorunub saxlanmasında mühüm elementdir. Əgər vətəndaş məmur münasibətlərində hansısa narazılıqlar mövcuddursa bu bir başa dövlətə, dövlətin yürütmüş olduğu siyasətə və bir qədər də irəli gedərək deyərdim ki, qəbul olunmuş siyasi kursa təsir göstərir. Çox təssüflər olsun ki, məhz bu narazılıqlardan dövlətin inkişafını istəməyən, onun inkişafında maraqlı olmayan dövlətlər daha çox fayda görürlər.
Bunun mexanizmləri ilə bağlı ayrı-ayrılıqda saatlarla oturub söhbət eləmək olar. Ancaq əsas ana qayə budur ki, hansısa vəzifə başına, hansısa şəxs gəlirsə ilk növbədə buna diqqət olunmalıdır. Biz bilirk ki, bu sahədə işlər aparılır. Dövlət qulluğuna qəbul qaydalarında şəffaflıq var. Ancaq hesab edirik, yenə də bu sahəyə diqqətin ayrılmasına xüsusi ehtiyac var. Bu gün dövlət müəssisələrində savadlı kadrlara ehtiyac var”.
Modern.az