
Müasir dünyada bazar iqtisadiyyatı şəraitində işi yerini bir andaca itirmək, ixtisara düşmək, böhran dalğasına tuş gəlmək adi haldır. Belə situasiya ilə rastlaşan insanın qarşısında çətin sual dayanır: - "Nə etmək?".
Əlbəttə, ixtisas üzrə və ya əvvəlki fəaliyyət üzrə iş axtarmaq daha məqsədəuyğundur, ancaq təəssüflər olsun ki, bu həmişə alınmır. Onda yeni məşğuliyyət tapmaq, tamamilə başqa bir işin seçimi haqqında fikirləşmək məcburiyyəti yaranır. Üstünlük isə fəaliyyətin o növünə verilir ki, həmin iş üçün peşəkarlarlıq, spesifik savad və biliklər çox da tələb olunmasın. İnsanın bacarığı, yaradıcılığı və zəhmətsevənliyi əsas rol oynasın, gəlir isə yüksək olsun.
Bu cür iş axtaranlara sığorta agenti peşəsi ideal uyğun gələ bilər. Digər profesiyalardan fərqli olaraq onunla hər kəs məşğul ola bilər: cavan da, yaşlı da. Sığorta agenti olmaq üçün ali təhsil prinsipial deyil, orta təhsillə də bu fəaliyyətdə böyük uğurlar qazanmaq olar. Yetər ki, bacarıqlı, zəhmətkeş, gülərüz, həssas, ünsiyyətcil olasan, yaxşı nitq mədəniyyətin olsun, yad, tanımadığın, ilk dəfə rastlaşdığın insanlarla, hətta xoşagəlməz adamlarla əlaqələr qurmağı bacarasan, qalan keyfiyyətlərə isə sığorta şirkətlərinin özündə keçirilən treninqlərdə yiyələnmək olar. Bura sığorta terminləri, sığorta sahəsindəki normativ-hüquqi sənədlər, polislərin izahı, müqavilə bağlamaq qaydaları və s. daxildir.
Sığorta agenti xarici ölkələrdə çox perspektivli peşə sayılır. Bir sıra nüfuzlu sığorta şirkətlərinin rəhbərləri, eləcə də sığorta top-menecerləri demək olar ki, öz professional karyeralarına məhz sığorta agenti peşəsindən başlayıblar. Onların uğurlu sığorta karyerası aşağıdan yuxarı pillə-pillə keçməklə peşəkarlıq səviyyəsinə gəlib çatmışdır.
Sığorta agenti işinin bir özəlliyi də var ki, onunla hətta əsas iş yerindən ayrılmadan da məşğul ola bilərsən. Bunun özü də sığorta agenti peşəsinə diqqət və marağı artırır. Əsas iş yerindən ayrılmadan, gəlir mənbəyini itirmədən sığorta işində özünü sınaya və təcrübə toplaya bilərsən. Əgər insan bütün gücünü bu işə sərf edirsə, daim öz üzərində işləyib müştəri bazasını genişləndirirsə, əvvəl-axır onun sığorta işindən əldə etdiyi qazanc daimi iş yerindəki məvacibimi üstələyir və bu zaman inamla işdən çıxıb özünü tamamilə sığorta işinə həsr imkanı yaranır. Müəyyən tələblərə uyğun nailiyyətlər əldə etdikdən sonra isə hətta şirkətdə rəhbər vəzifələrə iddia etmək imkanı yaranır. Ona görə də sığorta agenti kimi fəaliyyətə başlamaq bəziləri üçün müvəqqəti qazanc mənbəyi ola bilər, bəziləri üçünsə sığorta biznesində böyük mənsəb üçün başlanğıc.
Sığortaçıların fikrincə, sığorta agenti olmaq – tamamilə özündən asılı olmaq, öz işini, vaxtını, hətta əmək haqqını idarə etmək deməkdir. Bu fəaliyyətdə qazancın ölçüsünə məhdudiyyət yoxdur, uğur qazanmaq agentin öz bacarığından, müştərilərlə işləmək, xüsusən potensial klientləri "hesablayıb" tapmaq qabiliyyətindən asılıdır. Mahiyyətinə görə sığorta agenti işi, özü bir ticarətdir. Lakin onun predmeti başqadır, kifayət qədər spesifikdir. Agentin əsas gəliri satılmış polislərin faizlərindən formalaşır. Sığorta agenti nə qədər çox gəzib müştəri tapırsa, polis realizə edirsə, bir o qədər də çox mənfəət əldə edir. Atalar demiş: – Səndən hərəkət, məndən bərəkət. Sığorta agentinə heç vaxt rahatlaşmaq və öz işinin tempini azaltmaq olmaz, daim axtarışda olmalıdır, vətəndaşları könüllü olaraq sığortaya cəlb edilməsi üçün yeni üsullar fikirləşib tapmalıdır.
Bildiyimiz kimi, ölkəmizdə sığorta iki formada – icbari və könüllülük əsasda həyata keçirilir. İcbari sığorta adından göründüyü kimi elə məcburi də aparılır, yəni bu sahədə sığorta işində problem elə də çox deyil. Könüllü sığorta isə sivil qaydalara uyğun vətəndaşların öz xoşu ilə həyata keçirilməlidir. Lakin insanlar pullarını real obyektlərə qoymaq istəyirlər, hipotetik, fərziyyəyə əsaslanan risklərə yox. Ona görə də sığortaya könüllü şəkildə getməkdə çox da həvəsli deyillər. Sığorta üçün o vaxt müraciət edərlər ki, özünün və ya mülkünün başına nə isə pis bir iş gələcəyinə yüz faiz əmin olsunlar. İnsanın özünün və ya əmlakının taleyinin sabah necə olacağını isə heç kimə məlum deyil. Bədbəxt hadisələrin, yol qəzalarının, yanğınların, təbii fəlakətlərin və digər ziyanverici hadisələrin baş verməyəcəyinə qarantiya yoxdur. Ancaq sığorta müəyyən mənada belə hadisələrin vurduğu maddi ziyanları kompensasiya edə bilər. Bu gerçəkliyin ictimaiyyət tərəfindən düzgün dərk edilməsi üçün isə cəmiyyətdə əsl sığorta mədəniyyəti formalaşdırılmalıdır. Bu işin bir hissəsi də sığorta agentlərinin öhdəsinə düşür.
O da reallıqdır ki, əhalinin nisbətən kasıb təbəqəsini sığortaya cəlb etmək olduqca çətin məsələdir. Bu, bütün dünyada belədir. Çünki yoxsul adamı gündəlik çörəkpulu qazanmaq, ailəsini necə dolandırmaq daha çox maraqlandırır, nəinki sığorta məsələləri. Lakin vəziyyətin belə olmasına baxmayaraq sığorta agentləri kasıblar arasından da xeyli müştəri yığa bilər. Məsələn, xaricdə təcrübəli sığorta agentləri kasıb təbəqəni sığortaya cəlb etmək üçün, sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar, onlar qapı-qapı gəzərək insanlara sığortanın əhəmiyyətini izah edir, insanların problemləri ilə maraqlanır, onların vəziyyətlərinə uyğun sığorta növləri təklif edirlər. Sığorta növünə məhdudiyyət isə demək olar ki, yoxdur. İstəyirsən həyatını, evini, qızılını, yaxud səsini, ayağını, əlini və ya da ki, itini, pişiyini sığortala. Professional sığortaçılar bütün imkanlardan məharətlə istifadə edərək elə yerindəcə vətəndaşlarla müqavilə bağlamağa nail olurlar.
Bütün bunlar onu göstərir ki, əhalinin könüllü sığortaya cəlb edilməsində sığorta agentlərinin rolu olduqca böyükdür. Sığorta agentinin yüksək davranış mədəniyyəti, ünsiyyət qurmaq və inandırmaq bacarığı, bir növ sığorta kompaniyasının simasını əks etdirir. Ona görə də sığorta şirkətləri də öz əməkdaşlarının qayğısına qalmalı və onlar üçün əlverişli iş şəraiti yaratmalıdırlar. Yaxşı olar ki, sığorta agentləri avtotransportla, pulsuz mobil rabitə vasitələri ilə təmin olunsun. Özləri və ailələri güzəştli əmlak və tibbi sığortasından yararlana bilsinlər. Aylıq, rüblük, illik səmərəli fəaliyyətlərinə görə mükafatlandırılsınlar və s.. Əlbəttə ki, bütün bunlar sığorta şirkətinin mövqeyindən və gəlirindən asılı olan məsələlərdir. Lakin, xarici təcrübə göstərir ki, bu kimi stimullar sığorta agenti peşəsinin nüfuzuna və perspektivinə müsbət təsir edir, nəticədə isə sığortaya daha çox müştəri cəlb olunur və müvafiq olaraq şirkətin gəliri də artır.
Vüqar Haqverdiyev
[email protected]
Yazı: “Atəşgah” SŞ-nin keçirdiyi müsabiqəyə təqdim olunur