Namidə Bingöl
Yola saldığımız həftə bir qədər ağırlığı ilə diqqət çəkdi. Məişət zəminində baş verən cinayət hadisəsi siyasi motivlər üzərinə kökləndi. Bu barədə bir az sonra danışacam. Ölkə başçısı İlham Əliyevin növbəti 5 il üçün prezident seçilməsi ilk olaraq, əfv sərəncamının imzalanması ilə yadda qaldı. Əfv olunanlar arasında keçmiş iqtisadi-inkişaf naziri Fərhad Əliyev də vardı. Bir qədər gözütoxluğu ilə seçilən Fərhad müəllim, hələ ki azadlığın dadını çıxarmaq eşqilə yaşayır. Bu səbəbdən də hakimiyyətdən heç nə gözləmir. İqtisadi cinayətlərdə ittiham olunan Fərhad Əliyev güman ki, bundan sonra köhnə peşəsinə qayıtmayacaq.
Qayıtmaqdan söz düşmüşkən, seçkilər bitər-bitməz Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Avropaya səfər etdi. Amma bu səfər haqqında deputat Siyavuş Novruzovun “Cəmil Həsənli Azərbaycana qayıtmayacaq” deməsi “gedəsən, bir də qayıtmayasan” fikrini xatırlatdı mənə. Buna baxmayaraq, Cəmil Həsənli getdi də, qayıtdı da. Siyasi “öncəgörənlik” nəticə vermədiyindən YAP icra katibinin müavini Siyavuş Novruzov qayıtmağın səbəbini açıqladı. Sən demə, tarixçi Cəmil müəllim ölkədə qarışıqlıq törətmək fikrindədir. Yox-yox, əstəğfurullah, bunu mən demirəm. Cənab Novruzov belə düşünür.
İkili oyunu ilə diqqət çəkən nəhəng Amerika dövləti də son vaxtlar Azərbaycan haqqında fərqli düşünür. Azərbaycanla dünyanın supergücü ABŞ arasında seçki qalmaqalının yaratdığı diplomatik böhran bir neçə gündür mətbuatın əsas mövzularından birini təşkil edir. Hələ Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin məlum 25 faiz açıqlaması lap ABŞ-ı hövsələdən çıxarıb. Vallah onsuz da bu ABŞ-dan heç kim xeyir görməyib. PA rəhbərinin ABŞ-ın Milli Şuranın lehinə 25 faiz səs qazandırmaq istəyini dilə gətirməklə ittiham etməsi dünya supergücünü lap qəzəbləndirdi. Vallah, mən deyə bilmərəm kim səhv kim, düz deyir, amma onu bilirəm ki bu dünya hegemonluğu arzusunda olan ABŞ-dan heç kim xeyir görməyib.
Bu ölkənin Azərbaycandakı səfiri ilə müdafiə nazirimiz Səfər Əbiyevin görüşü də bir ayrı diplomatik bəla gətirdi Bakı üçün. Sən demə hərbi nazirimizlə seçki prosesini müzakirə edən böyük elçi Riçard Morninqstar Azərbaycanda prezident seçimlərinin normal getdiyini deyibmiş. Ancaq nədənsə MN rəsmilərinin bu bəyanatı verməsi ABŞ nümayəndəliyinin xoşuna gəlməyib. Deyəsən dəhşət oyunlar gedir. Müdafiə nazirimiz yəqin ki, ya ABŞ səfirinin sonradan təkzib verəcəyini proqnozlaşdırırmış, ya da ki hər ehtimala qarşı işini sağlama almaq üçün görüş zamanı diktafondan istifadə edib. ABŞ səfirliyinin məlum bəyanatından sonra MN rəsmiləri bildirdilər ki, onlarda Riçard bəyin səs yazısı var. Nə isə dərinliyə gedib analitik analiz vermək bizə düşməz... Bircə onu deyək ki, Qərbdən yaman bərk “küləklər” əsir...
Qayıdaq Rusiya mətbuatının diqqət mərkəzində saxladığı Orxan Zeynalovun törətdiyi qətl hadisəsinə. Bu həftə qətl hadisəsi Rusiya zolağında əməlli-başlı qarşıdurma yaratdı. Əslində, oxşar nüanslar Rusiya qütbündə vaxtaşırı təkrarlanır. Elə çox vaxt Azərbaycan KİV-nin xəbər manşetinə çevrilən qətl olaylarının qəhrəmanları da azərbaycanlılar olur. Bu dəfə fələyin çərxi əksinə fırlandığından vəziyyət də bir qədər dəyişik oynaqlığı ilə diqqət çəkdi. Sanki rus telekanalları Azərbaycan-Rusiya arasında siyasi aktivliyi sıfıra endirmək üçün yarışa durmuşdular. Bu səbəbdən də Orxan Zeynalovun qətl hadisəsi bir qədər fərqli ab-hava yaratdı. O ölmədi, öldürdü. Bunu biz demirik. Rusiya hüquq mühafizə orqanlarının ilkin nəticələri belə deyir. Qətl hadisəsinin necə baş verməsindən də əmin deyilik. Çünki qətl hadisəsi üzrə istintaqın yekun rəyi hələ ictimaiyyətə açıqlanmayıb. O zaman Yeqor Şerbakovun öldürülməsində cinayəti törətdiyini etiraf etməyə Orxanı nə vadar etdi?! Zaman-zaman azərbaycanlıların Rusiya torpağında axıdılan qanını siyasiləşdirib şou yaratmağı biz niyə düşünmədik?! Hər halda, məsələnin qaranlıq tərəfləri açıqlanmır. Doğrudur, qətl hadisəsi törətməkdə ittiham olunan hər kəs layiqli cəzası nədirsə onu da alır. Amma qətldə ittiham olunan Orxan Zeynalovu qanunlar silsiləsindən çıxardılar.
“Parçala, hökmranlıq et” siyasətinə sadiq qalan ruslar deyəsən, imperiya ənənələrindən qopa bilmirlər. Görəsən, millətlərarası qırğının miqyasını genişləndirmək kimlərin xeyrinə hesablanıb?! Hər halda, Yeqor Şerbakovun qətlə yetirilməsinə hüquqi müstəvidən yanaşma sərgilənmədi. Qətl hadisəsi üzrə aparılan işlər fiziki zorakılığa havadar çıxmağa hesablanıb. Rus polisi zorakı davranışları ilə insani keyfiyyətlərin mərkəzində atılıb- düşdü. İçində insanlıq, sevgi, acımaq kimi duyğuları unudan bir millətin dar məqamda kiməsə kömək edəcəyi bir daha şübhə doğurur. Kadrlardan da gördük ki, insanla heyvan kimi rəftar etmək rus xalqının artıq “kimlik vizası”na çevrilib.
1990-cı il qanlı 20 yanvar hadisələri zamanı qarşısına çıxan hər kəsi silah gücünə biçən də ruslar idi. Miqrantlarla yerli əhali arasında narazı məqamların baş qaldırması millətlərarası qırğınların miqyasının genişləndirilməsinə hesablanmamalıdır. Cinayətkarı əliqandallı fiziki zorakılığa məhkum etməklə qətl hadisəsini siyasiləşdirməkdə maraqlı olan Rusiya mediasının məqsədi nə idi?! Hər halda, rus polisinin ibrətamiz hərəkətlərinə görə üz istəyənlər də tapıldı. Elə bizdə türklərin dili ilə desək Rusiyaya maşalıq edənlər tapıldı.
ASDP sədri Araz Əlizadə deyəsən sosial-demokratlığı rus polisinə dəstəkdə görür və deyir ki, hüquq-mühafizə orqanları həmyerlimizə qarşı düz hərəkət ediblər. Bu da bizimki! Hələ küsülü olan qardaşı Zərdüşt Əlizadə də bu dəfə ASDP rəhbərinə qahmar çıxmaqla Orxanı əclaflıqda ittiham etdi. Nə deyək cəmiyyət özü kimin əclaf, kimin nankor olduğunu qiymətləndirəcək.
Həftənin əvvəlində müsəlman dünyası Müqəddəs Qurban bayramını qeyd etdi. Bayramımız mübarək! İkinci bayramı həftə sonu yaşadıq. Ölkədə inauqurasiya mərasimi keçirildi. Konstitutsiya Məhkəməsi Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkisinin nəticəsini rəsmən təsdiqlədikdən sonra İlham Əliyevin andiçməsi oldu. Növbəti beş ildə ölkəmizi firəvan, daha yaxşı görmək arzusu ilə!!!