Modern.az saytı Nəsimi rayonu üzrə Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva ilə müsahibəni təqdim edir.
- Zərifə xanım, 1 il öncə verdiyiniz müsahibədə Respublika üzrə Ağbirçəklər Şurasının yaranması barədə təklifiniz rezonans doğurmuşdu. Bu 1 il ərzində nələr dəyişdi?
- Respublika üzrə Ağbirçəklər Şuralarının yaradılması təklifi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gəldi. Əvvəl qurultay öncəsi şuralar çox yaxşı çalışır, müəyyən görüşlər keçirirdilər. Ancaq sonradan onların fəaliyyəti sanki zəiflədi. Bəziləri fəaliyyətini dayandırdı. Mənim özüm isə bu işi dayandırmamışam. Oktyabr ayında gənclərlə yaşlıların görüşündən ibarət tədbir keçirdik. Tədbirə professor və alimlər də dəvət olunmuşdu. Milli- mənəvi dəyərlərimizin qorunub saxlanması barədə müzakirə apardıq. Tədbir gənclərimizdə müsbət təsir yaratdı. Yeni il öncəsi şəhid ailələri, məcburi köçkünlər və bizim ziyalı qadınların görüşlərini təşkil etdik. Daha sonra millətimizin, xalqımızın faciəsi olan 20 yanvar hadisəsini qeyd etdik. Tədbirə şəhid ailələrini dəvət etdim.
20 yanvar hadisəsi ilə əlaqədar olaraq, şəhidlərin ruhuna yasin oxutmaq, ehsan süfrəsi vermək və onlara yardım etmək vacibdir. Şəhid ailələri buna əmin olsunlar ki, onlar hər an dövlətimiz, dövlət rəhbərimiz tərəfindən daima anılırlar. Onlara dövlətin mənəvi dayağını hiss etdirmək lazımdır.
- Milli-mənəvi dəyərlərdən danışdınız. Bəs onun qorunub saxlanması üçün nələr etmək lazımdır?
- Mən milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının tərəfdarıyam. Avropalaşmaq, Avropaya doğru getmək də olar. Ancaq bizim özümüzə aid xüsusiyyətimizi qoruyub saxlamalıyıq. Hələ ulu öndərimizin vaxtından bu məsələ öndə olub. Sovetlər dövründən milli-mənəvi dəyərlərimizin qorunub saxlanması ilk öncə Heydər Əliyev tərəfindən qoyulub. Heç bir sovet ölkəsində xalqın öz dili rəsmi sayılmadığı vaxtda, Heydər Əliyevin Azərbaycan dilini dövlət dili elan etməyi elə bizim milli-mənəvi dəyərlərimizin qorunması oldu.
Bizim ölkənin birinci xanımı Mehriban Əliyeva muğamı bütün dünyaya tanıtdırdı. Bu elə bizim milli-mənəvi dəyərlərimizi qorunub saxlanmasıdır.
Prezidentimiz bununla bağlı indi də müəyyən işlər aparır. Bu o deməkdir ki, biz öz adət-ənənələrimizlə, milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Millli-mənəvi dəyərlərimiz uğrunda dövlət tərəfindən hər iş görülür. Gənclər bir şeyi bilirlər. Deyirlər “getdim Avropada oxudum, orada qaldım”. Hər 3 gəncdən ikisi Avropada oxuyur. Lap yaxşı. Ancaq özü ilə bərabər orada bizim xalqımızın milli adətlərini, mənəviyatını da təbliğ etsin. Bu hər bir nümayəndəmizin borcudur. Bizim gözəl adətlərimiz, ənənələrimiz, dinimiz var. Avropasayağı geyinə bilərsən, davrana bilərsən. Ancaq öz mənəviyyatını unutmamalısan.
- Respublika üzrə Ağbirçəklər Şurasının yaranması təklifindən sonra bu şuraya daxil olmaq üçün müraciət edənlər oldumu?
- Müsahibədən sonra bir çox rəylər gəldi. Çox da müsbət qarşılandı. Bizim şuraya yazılanlar, müraciət edənlər də çox oldu. Mən gücüm nəyə çatırsa, cəmiyyətdə onu etməyə çalışıram. Əgər 2-3 gəncin ailəsinin pozulmasının qarşısını almışamsa, bir gəncin iş tapmasında köməklik etmişəmsə, hansısa yaşlı qadının könlünü almışamsa, şəhid anaları ilə görüş aparmışamsa, bunu şəxsi, mənəvi borcum bilirəm. Mən bu cəmiyyətdə yaşayıramsa, nə isə etməliyəm. Bunu görürlər, görmürlər, deyə bilmərəm. Hər bir insan üçün, xüsusən də qadın üçün gördüyü işləri kənar cəmiyyətdən qiymətləndirirlərsə, o qadın özünü çox xoşbəxt hiss edər. Ancaq mən öz işimi rekam etməyi sevmirəm. O işlərin birini də televiziyada görə bilməzsiniz. Gördüyüm işlər yerli orqanlar tərəfindən də bilinir.
Ancaq məni harasa dəvət edən, şuranın daha da böyüməsi üçün təklif gəlmədi. Buna baxmayaraq, mən öz işimi görürəm. 90-cı illərdə 17 saylı tibb sanitar hissədə baş həkim olaraq çalışırdım. Həmin tibbi sanitar hissəsinin tibb məntəqələri var idi. O vaxt müharibə zonasına yüz litrlərlə qan göndərirdik. Donorlardan qan alırdıq. Əlimdən gələni etmişəm. Ancaq arada insan küskün olur...
- Hazırda Ağsaqqallar Şurası ilə əlaqə var?
- Ağsaqqallar Şurası dövlət səviyyəsində böyük bir cəmiyyətdir. Onların qurultayları, konfransları keçirilir. Bizim ağbirçək qadınlar şurası isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə yaradılıb. Bəzi problemlər olanda, İcra Hakimiyyəti ilə həll etməyə çalışırıq. Dəfələrlə hansısa problem olanda, Nəsimi rayonu İcra Hakimiiyətinin başçısı Nəsib müəllimə müraciət edirəm. Hansısa qadının işi, problemi ilə bağlı müraciət etmişəmsə, o həmin problemin həllində bizə kömək edib.
- Bəs Respublika üzrə Ağbirçəklər Şurasının yaranması perspektivi varmı?
- Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bu qurum olduğu yerdə ölkə üzrə yeni təşkilatın yaranmasına ehtiyac yoxdur. Qadınların problemləri ilə bağlı fəaliyyət göstərir. Biz də dövlət tədbirlərinə qatılırıq.
Ulduz İBRAHİMOVA