“Azərbaycanda minalar hələ də insanların həyatını itirməsinə səbəb olur. Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub”.
Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha göstərir.
“2020-ci il müharibəsindən sonra indiyədək 422 Azərbaycan vətəndaşı mina qurbanı olub. Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
ANAMA əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş həyatını itirib.
