Modern.az

Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq

Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq

Aktual

Bu gün, 12:20

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin formal diplomatiya çərçivəsini aşaraq daha strateji və daha məzmunlu xarakter daşıyan yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər həm ikitərəfli əlaqələrin cari vəziyyətinin qiymətləndirilməsi baxımından, həm də dəyişən qlobal siyasi mühitdə Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq perspektivlərinin yenidən dəyərləndirilməsi baxımından mühüm siyasi hadisədir.

Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulmasından ötən dövr ərzində əlaqələr ardıcıl şəkildə inkişaf edib, siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji təhlükəsizliyindən humanitar sahəyə qədər geniş istiqamətləri əhatə edən çoxşaxəli tərəfdaşlıq formalaşıb. Xüsusilə 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair sənədlərin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Bu sənədlər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətini təsbit edən mühüm siyasi iradənin ifadəsi idi.

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyən, ölkəmizlə dostluq münasibətlərinə sadiqlik nümayiş etdirən tərəfdaş dövlətlərdən biridir. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan qlobal siyasi məkanda etibarlı tərəfdaş, sülhə və əməkdaşlığa real töhfələr verən nüfuzlu dövlət kimi qəbul olunur. Ölkəmizin milli maraqlara söykənən müstəqil xarici siyasət kursu Azərbaycanın dost dövlətlərlə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurmasına imkan yaradıb.

Son illərdə dövlət başçıları arasında intensiv siyasi təmaslar, qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər Azərbaycan–Ukrayna münasibətlərinin sistemli və strateji xarakter daşıdığını göstərir. Liderlər arasında formalaşmış səmimi münasibətlər, açıq dialoq mühiti və qarşılıqlı etimad ikitərəfli əlaqələrin dayanıqlığını təmin edən əsas amillərdəndir.

İqtisadi sahədə münasibətlər mühüm dinamika nümayiş etdirir. Qarşılıqlı ticarət dövriyyəsinin artması, yeni investisiya imkanlarının müzakirəsi və biznes əlaqələrinin genişlənməsi tərəfdaşlığın praktik məzmununu gücləndirir. Bu xüsusda SOCAR-ın Ukraynada uzun illər ərzində uğurlu fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycanın enerji şirkətinin Ukrayna bazarında etibarlı və tanınmış tərəfdaşa çevrilməsi ölkələrimiz arasında iqtisadi münasibətlərin dayanıqlı əsaslara söykəndiyini göstərir. Enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri hər iki ölkənin maraqlarına cavab verir.

Müasir dövrdə təhlükəsizlik məsələləri dövlətlərarası münasibətlərdə xüsusi yer tutur. Bu baxımdan Azərbaycan ilə Ukrayna arasında müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq və texnologiya mübadiləsi istiqamətində mövcud imkanlar da diqqətəlayiqdir. Hər iki ölkənin sənaye potensialı, texniki təcrübəsi və təhlükəsizlik maraqları bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycan–Ukrayna münasibətlərinin ən mühüm cəhətlərindən biri isə humanitar sahədə əməkdaşlıqdır. Müharibənin ağır nəticələri ilə üzləşən Ukrayna xalqına Azərbaycanın göstərdiyi humanitar yardımlar, enerji dəstəyi, uşaqların reabilitasiya proqramlarına cəlb olunması və digər sosial təşəbbüslər ölkəmizin tərəfdaşlığını yalnız siyasi bəyanatlar səviyyəsində deyil, əməli addımlarla təsdiqləndiyini nümayiş etdirir. Bu, Azərbaycanın beynəlxalq humanizm dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.

Parlament diplomatiyası da münasibətlərin inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikası Milli Məclisi ilə Ukrayna Ali Radası arasında dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlər, siyasi dialoq və qanunvericilik sahəsində təcrübə mübadiləsi iki ölkə arasında əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirir.

Bu gün dünya yeni geosiyasi transformasiyalar dövrünü yaşayır. Belə mürəkkəb mərhələdə etibarlı tərəfdaşlıqların, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin və siyasi etimadın dəyəri daha da artır. Azərbaycan ilə Ukrayna arasında münasibətlər də məhz bu prinsiplər üzərində qurulmuş əməkdaşlıq modelidir.

Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar açır. Azərbaycan–Ukrayna münasibətləri bundan sonra da siyasi dialoq, iqtisadi tərəfdaşlıq, humanitar həmrəylik və ortaq strateji maraqlar əsasında yüksələn xətt üzrə inkişaf edəcək. Bu əməkdaşlıq yalnız iki dövlətin deyil, bütövlükdə daha sabit, təhlükəsiz və qarşılıqlı etimada əsaslanan regionun formalaşmasına xidmət edir.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu