Modern.az

Bakı Təşəbbüs Qrupu beynəlxalq konfrans keçiriləcək

Bakı Təşəbbüs Qrupu beynəlxalq konfrans keçiriləcək

Aktual

Bu gün, 09:12

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mayın 20-də “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Modern.az xəbər verir ki, konfrans BTQ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qalacaq.

Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunacaq. Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri - gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edəcəklər.

Tədbirdə müxtəlif regionlardan olan gənclər arasında kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi, beynəlxalq həmrəyliyin real və effektiv platformalara çevrilməsi məsələləri müzakirə ediləcək. Eyni zamanda, gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi və bu problemlərə qarşı konkret, nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, mayın 19-da WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbir təşkil ediləcək. Tədbir çərçivəsində konfrans iştirakçıları müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirlərini, urbanizasiya proseslərində yaranan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində mövcud çağırışları, eləcə də bu problemlərin yerli əhali üzərində yaratdığı təsirləri müzakirə edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?