Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü start götürüb.
Modern.az xəbər verir ki, dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan WUF13 çərçivəsində bu gün forumun ikinci gününə həsr olunan rəsmi açılış mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.
Forumun ikinci günündə əsas yeniliklərindən biri isə WUF tarixində ilk dəfə Liderlər Sammitinin proqramda yer almasıdır. Beləki, bu yenilik forumun beynəlxalq siyasi və strateji əhəmiyyətini daha da artırır.
Gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü, həmçinin MINURVI - Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun sessiyası keçiriləcək.
Forum çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələrinin təqdimatı da planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, eləcə də “yaşıl enerji zonası” istiqamətində görülən işlərin beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanacağı gözlənilir.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi imkanlarını və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakını bir daha nümayiş etdirir. Forum, həmçinin Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsindəki təcrübəsinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm platforma hesab edilir.
Məlumat üçün bildirək ki, forumun ilk günü çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı və nazirlərin dəyirmi masası keçirilib. Həmçinin WUF13 çərçivəsində rəsmi bayraq qaldırma mərasimi təşkil olunub. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Bayrağı və BMT-nin bayrağı orkestrin müşayiəti altında qaldırılıb.
Qeyd edək ki, 17-22 may tarixlərini əhatə edən WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.