Azərbaycanın nəqliyyat sahəsində idarəetmə və satınalma üzrə həyata keçirdiyi təcrübə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub.
Modern.az xəbər verir ki, Beynəlxalq Nəqliyyat Forumu (BNF) “Effektiv əlçatanlığın təmin edilməsi” adlı hesabatını açıqlayıb. Əlilliyi olan şəxslər üçün əlçatan nəqliyyat sistemlərinin formalaşdırılmasına həsr edilən sənəddə müxtəlif ölkələrin uğurlu təcrübələri ümumiləşdirilib, hökumətlər üçün siyasət tövsiyələri hazırlanıb.
Hesabatda əsas tövsiyələrdən biri əlçatanlıq sahəsində koordinasiyalı fəaliyyətə imkan verən idarəetmə mexanizmlərinin yaradılmasıdır. Bu kontekstdə Azərbaycanın təcrübəsi nümunə kimi qeyd edilib.
Sənəddə ölkəmizə həsr olunmuş xüsusi araşdırmada nəqliyyat sahəsində aparılan institusional islahatlar və əlçatanlığın artırılması istiqamətində görülən tədbirlər geniş şəkildə əksini tapıb. Bildirilib ki, 2023-cü ildə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası nəqliyyat siyasətinin vahid yanaşma əsasında formalaşdırılmasını, həmçinin nəqliyyatın bütün növləri üzrə qərarların koordinasiyalı şəkildə qəbulunu təmin edir.
Hesabatda Azərbaycanın dövlət satınalmaları sahəsindəki yanaşması da xüsusi vurğulanıb. Qeyd edilib ki, ictimai nəqliyyat vasitələrinin satın alınması zamanı əlçatanlıq tələbləri texniki qiymətləndirmənin mühüm elementlərindən biri kimi nəzərə alınır.
