ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqları tam gücü ilə aparmadığını bildirib. O, İranın iqtisadi vəziyyətini və ölkədəki yüksək inflyasiyanı nəzərə alaraq, hazırda Tehranla yalnız məhdud danışıqlar aparıldığını qeyd edib.
Mövzu ilə bağlı tarix elmləri doktoru, sabiq səfir Nəsib Nəsibli Modern.az-a açıqlama verib.
“Prezident Trampın İranla yarımçıq danışıqlar aparması barədə səsləndirdiyi cümlənin mənası, məncə, budur ki, o, danışıqlara qeyri-ciddi yanaşır. Tramp hökumətinə, yaxud administrasiyasına vaxt lazımdır. Ən az noyabrın əvvəllərinə qədər. Əgər İran tərəfi bir dəlilik etməsə, o zaman noyabrdan sonra məsələ qəti şəkildə həll oluna bilər.
Amma bu danışıqlar məsələsi taktiki məsələdir. Ona görə də qeyri-ciddi yanaşılır. Bizə bəlli olan memorandum da İranı sadəcə olaraq müzakirə masasına çəkmək cəhdi idi. Eyni zamanda, İran daxilində ikitirəliyi, bu savaşa, İranın gələcəyi ilə bağlı məsələlərə yanaşmada fikir ziddiyyətlərini, hakimiyyət daxilindəki ziddiyyətləri artırmaq məqsədi daşıyırdı.
Tezliklə bu müharibə bitə bilərmi? Məncə, bitməyəcək. Dediyim kimi, noyabrdakı seçkilərə qədər bitməsi az ehtimal olunur.
Bir qədər öncə dediyim kimi, əgər İran tərəfi fövqəladə bir iş görməsə, yəni boğazdan keçən o tankerləri vurmasa... Onsuz da bəzilərini zədələyir, vurur. Bu, kütləvi hal alsa, onda, əlbəttə, müharibə yenidən alovlana bilər.
Amma hələlik Amerikanın strateji xətti İranı içəridən tükətməkdir. Hələlik bu strategiyanın arxasındadır və onun əlamətləri də görünməyə başlayıb”.
Nicat Rüstəmzadə