Modern.az

Putinin İturup səfəri ilə bağlı ŞOK İDDİA: Kremldə düşünülmüş layihədir

Putinin İturup səfəri ilə bağlı ŞOK İDDİA: Kremldə düşünülmüş layihədir

Aktual

Bu gün, 13:20

Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının İturup adasına səfəri Yaponiya ilə Moskva arasında uzun illərdir davam edən ərazi mübahisəsini yenidən gündəmə gətirib. Tokio səfərə görə Rusiyaya “qəti etiraz”ını bildirib. Moskva isə Cənubi Kuril adalarını öz ərazisi hesab edir.

Putin Saxalin vilayətinə işgüzar səfəri çərçivəsində İturupda “Yasnıy” balıq emalı kombinatına baş çəkib. Bu, Rusiya liderinin İturupa ilk şəxsi səfəri kimi diqqət çəkib.

İturupun da daxil olduğu Cənubi Kuril adaları Yaponiya tərəfindən “Şimal əraziləri” adlandırılır və Tokio bu ərazilərə dair iddiasını davam etdirir.

Mövzu ilə bağlı politoloq Natiq Miri Modern.az-a açıqlamasında səfərin təsadüfi olmadığını bildirib:

“Bu, ilk belə səfər deyil. Ona görə də bu məsələnin nə təxribat, nə də təsadüf olduğunu düşünmək doğru deyil. Bu səfər konkret psixoloji-siyasi məqamları özündə ehtiva edir.

Birincisi, bu, Rusiyanın böyüklüyünün, gücünün və qüdrətinin nümayişidir. Çünki Yaponiyanın bu torpaqları İkinci Dünya müharibəsində Sovet İttifaqının qələbəsinin nəticələri olaraq mövcuddur. Rusiya isə heç vaxt işğal etdiyi torpaqları kiməsə qaytarmayıb.

Eyni zamanda, Rusiyanın öz qüdrətini nümayiş etdirməsi ilə yanaşı, Uzaq Şərqdə, o cümlədən Kamçatkada və Arktikada yerləşən, yerin təkindəki ciddi faydalı qazıntı ehtiyatlarından yararlanmaq niyyətini də ortaya qoyur.

Başqa bir məqam isə bu gün Ukrayna ilə sərhədə, yəni cəbhə xəttinə yaxın Bryansk, Kursk, Krasnodar və digər bölgələrdən əhalinin Uzaq Şərqə köçürülməsi ilə bağlı niyyətin mövcud olmasıdır. Solovyovun da bu yaxınlarda bununla bağlı çıxışı olmuşdu. O, guya sərhədyanı bölgələrdə yaşayan rusların təhlükəsizliyini təmin etmək məqsədilə müharibə bitənə qədər əhalinin Uzaq Şərq bölgələrinə köçürülməsini təklif etmişdi.

Solovyov bunu təkbaşına edə bilməz. Bu, Kremldə düşünülmüş bir layihədir. Burada əsas məqsəd boş qalmış torpaqların, insanların demək olar ki, yaşamadığı kəndlərin yenidən məskunlaşdırılması və həmin ərazilərin istismar edilməsidir.

Maraqlı olan budur ki, bu gün Rusiyanın öz torpaqlarında, kənd və şəhərlərində yaşayacaq insan tapılmır. Ancaq Rusiya yeni torpaqların iddiasındadır. Bununla bağlı hər gün minlərlə rus əsgəri həyatını itirir. Bu, rusizm və imperiya siyasətinin təzahürüdür.

İndiki vəziyyətdə düşünürəm ki, bu səfərin əsas məqsədi daha çox həmin bölgələrdə yaşayan insanlara stimul vermək, perspektivdə bölgənin inkişaf edəcəyi görüntüsünü yaratmaq və bu əraziləri ora köçürüləcək insanlar üçün cəlbedici göstərməkdir.

Yoxsa indiki vəziyyətdə Kuril adaları ilə bağlı Rusiyanın Yaponiyaya hər hansı ciddi gözdağı verməsinə ehtiyac yoxdur. Rusiyanın buna ehtiyacı da yoxdur. Bu, tamamilə başqa niyyətlərdən xəbər verir”.

Politoloq Yaponiyanın etirazının isə ənənəvi xarakter daşıdığını bildirib:

“Yaponiya bu məsələ hər dəfə gündəmə gətiriləndə və belə səfərlər baş verəndə Rusiyaya etiraz notasını təqdim edib. Bu dəfə də növbəti etiraz bəyanatı səsləndirildi. Lakin bu, heç nəyi dəyişmir. Yaponiya buna görə Rusiya ilə müharibə etməyəcək. Eyni zamanda, Rusiyanın da indiki vəziyyətdə Yaponiya ilə müharibə etmək niyyəti yoxdur.

Əvvəla, Rusiyanın buna potensial imkanı yoxdur. İkincisi isə, Yaponiya ilə bölüşdürülə biləcək hər hansı məsələ də mövcud deyil. Çünki Kuril adalarını Yaponiyaya qaytarmaq Rusiya imperiyasının gündəmində yoxdur”.

Natiq Miri əlavə edib:

“Düşünürəm ki, əsas niyyət Kuril adaları, Kamçatka, Arktika və bütövlükdə Uzaq Şərqin boş qalmış kənd və şəhərlərinin tədricən doldurulması, həmin ərazilərin yenidən məskunlaşdırılması və istismar edilməsidir. Bu səfərlə xalqa stimul vermək, xalqın birliyini nümayiş etdirmək və guya uzaq bölgələrdə yeni bir “cənnət məkanı” yaradılacağı görüntüsünü formalaşdırmaq məqsədi güdülür.

Bu siyasət Sovet dönəmində də mövcud olub. İndinin özündə də mahiyyət etibarilə dəyişən bir yanaşma yoxdur.

Bunun baş tutub-tutmayacağını isə gələcək göstərəcək. Ancaq hər bir halda düşünürəm ki, səfərin əsas niyyəti bundan ibarətdir”.

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
https://www.youtube.com/watch?v=9BAEYj2gL3Q