«Kommunist» qəzeti 9 mart 1926-cı il tarixli 58-ci sayında Bakı Türkoloji Qurultayının bağlanışından 3 gün sonra «Tatar kəndlisi qurultay haqqında» başlıqlı məqalə çap edib.
Tatarıstan Ciyostan qəzası, Mislin dairəsində Mislin kəndindən Türkoloji Qurultaya könüllü öz xərci ilə gələn əkinçi Ələddin Müslümoğlu «Kommunist» qəzetinin müxbiri ilə müsahibəsində qeyd edir ki, qurultay təşəbbüsü meydana atıldıqda bu məsələ ilə maraqlanan və ona əhəmiyyət verənlər çox oldu. «Hər kəs kimi mən də bu Qurultayla maraqlandım».
Sovetlər İttifaqının əksər Türk coğrafiyasından, Türkiyədən, bəzi Avropa ölkələrindən Bakıya bu əhəmiyyətli elmi məclisdə iştirak üçün gələn alimlər olduğu halda, adi Tatar kəndlisinin Qurultaya qatılması, mövqeyinin öyrənilməsi sovet təbliğat maşınının iş prinsiplərindən doğurdu. Proletariat diktaturasına əsaslanan, geniş xalq kütlələrinin marağının ifadəçisi olduğunu bəyan edən sovet hökuməti təşkil olunan bu beynəlxalq qurultayın cəmiyyətin bütün sosial təbəqələrinin marağında olduğunu əyani şəkildə bildirmək üçün Tatar kəndlisi variantından istifadə edirdi. Ə. Müslümoğlunun mövqeyini möhkəmləndirmək, fikirlərinin obyektivlik və inandırıcı gücünün təmini üçün maliyyə mənbəyinin də şəffaflığı burada nəzərə alınırdı. Tatar kəndlisi «Kommunist»in müxbirinə bildirir ki, nümayəndə olmadığı üçün yol pulu üçün bir at satıb, uzun yol qət edərək Bakıya Türkoloji Qurultayı görməyə gəlib:
«Məni buraya çağıran yox, gözləyən yoxdur. Fəqət, bir kəndli olduğum üçün qonaq sifəti ilə olsa da, qurultayın hər iclasında iştirak etməyimə müsaidə edildi. Buna görə də qurultayı çağıran mandat komissiyasına təşəkkür etmək böyük bir ricamdır».
Qurultay haqqında düşüncələrini bölüşən Ə. Misiroğlu qeyd edib ki, qarşısında duran ən ümdə və əsas məsələ kütləyə yaxınlaşmaqdan ibarətdir: «Bu isə ən doğru, sağlam bir nəzəriyyədir. Bu nəzəriyyəni həyata keçirmək və kənd xalqına yaxınlaşaraq kənd əhalisini oxutmaq üçün çalışmaq lazımdır. Bütün istilahların mənbəyi kənd olduğu üçün dil məsələsində kənd əhalisinə daha da yaxınlaşmaq lazımdır».
Siyasi-ideoloji prinsiplərini müxtəlif vasitələrlə həyata keçirmək istəyən təbliğatçılar üçün Tatarıstandan at satıb Bakıya, Qurultayın işində iştiraka icazə verilən Ə. Müslümoğlunun Latın əlifbasına keçidlə bağlı mövqeyinə önəm verilməsinin pərdəarxası məqsədi var idi. Çünki Qurultaya qatılan 6 nəfərdən ibarət Tatarıstan nümayəndə heyəti ərəb əlifbasının Latın qrafikalı əlifbaya keçidinə etiraz edir, ərəb əlifbasının islahı üzərində dayanırdılar. Bakı Türkoloji Qurultayında ən böyük «ərəbçi»lər fraksiyasını Alimcan İbrahimovun rəhbərlik etdiyi Tatarıstan nümayəndələri təşkil edir, öz baxış və mövqelərini açıqlayırdılar. Sovet təbliğat maşını bu fraksiyaya, elmi zəkaya qarşı sadə vətəndaş formulundan yararlanır, Tatarıstan kəndlisi Ə. Müslümoğlundan bu məqsədlə istifadə edir, ərəb əlifbasının çətinliyindən xalqın savadsız qaldığı təbliğ olunurdu. Ə. Müslümoğlu «mütəxəssis» qismində «Kommunist»in müxbirinə müsahibəsində deyirdi:
«Əlifba məsələsinə gəlincə, onu deyə bilərəm ki, ərəb əlifbası türk-tatar dillərinə uyğun olmadığı və bu xüsusda çoxdan bəri münaqişə və mübahisələr olduğu üçün bugünkü Latın əlifbası xalq üçün ən asan və ən əlverişlisidir. Bu gün olmaz isə sabah qəbul olunacaq. Və türk-tatar xalqları arasında bütünlüklə həyata keçiriləcəkdir».
Sovetlərin Türk xalqlarının sosial problemlərinin həlli istiqamətində atdığı addımlara da Tatar kəndlisi münasibət bildirirdi: «Sonra öz kəndlərinin vəziyyəti haqqında danışan Ələddin yoldaş demişdir ki, əhalinin iqtisadi vəziyyəti və əkin işləri yüksəlmişdir. Keçmiş zamanlarda bir çox yerlər əkinsiz qaldığı halda, indi bir parça da yer əkilməmiş qalmayır. Fəqət, kənd təsərrüfatı işləri əski və ibtidai üsul ilə gedir. Və hələlik kəndimizdə traktorumuz yoxdur. Lakin bu il gətiriləcəkdir».
Dövrün mətbuat səhifələrində I Bakı Türkoloji Qurultayı ilə bağlı çap olunan məqalə və reportajlardan, arxivlərdə qorunan sənədlərdən aydın olur ki, dünyanın diqqət mərkəzində olan bu proseslərin bütün detalları, ayrı-ayrı məqamları öncədən düşünülüb. Ərəb əlifbasının Latın qrafikası ilə əvəz olunmasında təkcə alimlərin, müəllim və ziyalıların gücündən deyil, sıravi adi vətəndaşların təbliğatı imkanlarından da istifadə olunub.
Akif Aşırlı
P.S. Məqalə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin həyata keçirdiyi «I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində» layihəsi əsasında hazırlanıb.
