
Bu qara günün digərlərindən əsas fərqi isə burda nə etdiksə, özümüz özümüzə etdik. Bu hadisəyə jurnalist yox, vətəndaş kimi mövqemi bildirəcəm. Yanğınla bağlı hər xırda məlumat, hər xırda detal mənim üçün tapıntı idi.
Günlərdir bütün media və mətbuat özünə əl qatıb hadisəni öz düşüncələrinə görə təfərrüatı ilə verirlər. Amma əslində olan isə lazımı kəslərin jurnalistlərə əzbər şəkildə dediyi ümumi 3-4 cümlədən ibarət informasiyadır.
Hadisəni şahidlərdən öyrənmək ən yaxşı üsuldur deyib, yanğın baş verən binaya getdim. Olması gərəkən kimi DİN əməkdaşları binanı hasara almışdılar. Bəziləri yolun sağ tərəfində, bəziləri də sol tərəfində. Kənardan bu görüntü mənə "Bənövşə bəndə düşə" oyununu xatırladırdı.
Binaya yaxınlşanda dəhşət məni bürüdü. O anları bir anda yaşamış kimi oldum. Bədənimin temperaturu gah isti, gah da soyuqla əvəz olunurdu. İlk gördüyüm mənzərə polisin bir vətəndaşa "ayə, kişiliyin olsun" deməsi oldu. Vətəndaşla belə "xoş" münasibətdən narahat olub söhbətə qarışdım. İçəridə adam kölgəsi gördüm və "binada kimsə var?"- deyə soruşdum cavab isə "yox" oldu. Əsəbi və sərt şəkildə "arxaya dönün. Binaya baxanda adam görmürsüz?" sualımdan sonra polis əməkdaşı utana-utana "sakinlər əşyalarını götürməyə gəliblər" dedi. Hara köçürülmələri barədə isə heç bir cavab vermədilər. Özümü jurnalist yox, sadəcə hadisəyə biganə qalmayan vətəndaş kimi təqdim etdim.
Daha sonra binanın arxa tərəfinə keçdim. Tamam yanmış bina insanı vahiməyə salırdı. Əvvəllər işimlə əlaqədar o binanın yanından hər gün keçirdim. İndi blokun yanında tənha qalmış və yanğından sıradan çıxmış "MilliÖn" aparatına cansız da olsa belə, yazığım gəlirdi. Düşüncələrdən məni polisin "bir az baxdız bəsdir, gedə bilərsiz” deməsi ayırdı. "Muzeydə deyilik, bina da eksponat deyil ki, gələk, baxaq, gedək" deyə cavab verdim. Polisə şiddətə görə cinayət işinin açılmasından ehtiyat etməsəydim, onu dünyaya gəldiyinə və polis olduğuna peşman edərdim. Ağlıma belə gəlməzdi ki, bir az sonra eşidəcəklərim daha dəhşətli olacaq. Desənə dünən yanan binanın ağrısını hər adam dərk etməyib. Binanı izləməyə gələnlər arasında bir oğlanın dostuna "Əli, o gün olsun sizin evdə belə bir yanğın olsun", yaxud da bir gənc qızın "ay daaa, prezident hamısına içi mebəllə dolu ev verdi. Hələ 1000 manatı demirəm. Belə bir yerdə evimiz də olmadı yee" deməsi onu göstərir ki, biz çətin ki, ağıllanarıq. Qızın üzünə gülüb "ailəni belə yanğında itirsəydin, bu dediyin sözdən özün utanardın" deyib binadan uzaqlaşdım. Şəhərin mərkəzində evindən uzaqlaşıb Bilgəh, Buzovna kimi ən ucqar yerdə məskunlaşmaq imanmıram ki, hansısa sakinin xoşuna gələ.
Efirlərdə hər kəs bu hadisədən kədərləndiyini deyir. Əgər aparıcı Mətanət kimi üzülürlərsə, üzülməsinlər. Çünki bu cür düşüncəli insanlar elə özləri acınacaqlı vəziyyətdədirlər. "Gün üzü" proqramının 21 may buraxılışında Mətanət xanımın efirdən dediklərinə nə qədər don geyindirməyə çalışdılar, görənlər bilir. Artıq gecdir, həm də çox gecdir. Atılan ox geri qayıtmaz. Demək istədiyini dedin, Mətanət xanım. Çalışarıq faciələri faciələşdirməyək. O dediyiniz “bir anlıq külək” neçə evin həyat şamını söndürüb zülmətə qərq etdi. “Montajla nələr edilmir” sözünə gəlincə, mən də montaj bacarıram. Amma inan ki, montajlı, ya montajsız kadrların ikisi də eyni mənaya gəlir. Sən canını sıxma aparıcı xanım, “şpakat” açdın göz yumduq, buna da göz yumarıq, təki sənin saxta göz yaşı damlalarını görməyək.
Evsiz və doğmalarına həsrət qalanlar, sizlərə də Allah kömək olsun. Biz sizə etdiyimizi etdik. Allah səbr verməsin, təqsirkarların cəzasını versin. Bu, sizin üçün itirdiklərinizi geri qaytarmasa da...
Dürrə Həsən