Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın növbəti mərhələsi kimi “Birliyin Gücü-2026” birgə təliminin keçirilməsi planlaşdırılır. Hazırlıq mərhələsinin başa çatdığı təlimin əvvəlki birgə hərbi təlimlərdən hansı xüsusiyyətləri ilə fərqləndiyi maraq doğurur.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Modern.az-a açıqlama verib:
““Birlik Gücü-2026” hərbi təliminin planlaşdırılması prosesində Azərbaycan, Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistan nümayəndə heyətləri birgə fəaliyyət göstəriblər. Artıq biz geosiyasi prosesləri əhatə edən hərbi təlimdən bəhs edirik. Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiya ölkələrinin eyni təlimdə vahid məqsədlər naminə hərbi proseslərdə iştirakı bu təlimlərin indiyədək rast gəlinməyən unikal xarakterə malik olduğunu göstərir”.
Onun sözlərinə görə, təlimlər kifayət qədər mürəkkəb xarakter daşıyacaq. Belə ki, təlimlərdə iştirak edən ölkələrin hərbi doktrinaları, döyüş nizamnamələri və müasir silahlı mübarizə metodlarının tətbiqi formaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə bir şəraitdə qarşılıqlı fəaliyyətin təşkili, qoşun və qərargahların bir-birini düzgün anlayaraq əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinin təmin edilməsi mürəkkəb məsələdir.
Ə.Verdiyev bildirib ki, təlim formatının geniş coğrafiyanı əhatə etməsi regional səviyyədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət ayrıldığını nümayiş etdirir. “Birlik Gücü-2026” hərbi təlimi digər təlimlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. İlk növbədə, burada miqyas tamamilə fərqlidir. İştirakçı dövlətlərin tərkibi baxımından yeni əməkdaşlıq formatı yaradılıb və bu formatda yalnız Azərbaycan və Türkiyə deyil, daha çox ölkə iştirak edir.
“Bu təlimlər həm iştirakçı ölkələrin coğrafi müxtəlifliyi, həm də qarşıya qoyulan hərbi məqsədlərin miqyası baxımından xüsusi əhəmiyyət daşıyır. Müxtəlif hərbi məktəblərə və döyüş təcrübəsinə malik dövlətlərin vahid təlim çərçivəsində fəaliyyət göstərməsi qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və regional təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı baxımından diqqətçəkəndir”, - hərbi ekspert, söyləyib.
Nicat Rüstəm