Modern.az

Həsən Həsənov: Albanlar erməni deyil, türk xalqı olub

Həsən Həsənov: Albanlar erməni deyil, türk xalqı olub

Aktual

Bu gün, 14:40

Qədim albanların etnik mənsubiyyəti ilə bağlı erməni tərəfinin irəli sürdüyü iddialar tarixi faktlara əsaslanmır.

Modern.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda deyib.

Tarixçi bildirib ki, Albaniya müstəqil şəkildə və birdən-birə meydana çıxmış dövlət olmayıb, onun tarixi Atropatena ilə əlaqəli olub:

“Albaniya Atropatenanın tərkib hissəsi idi. Bu məsələ hər zaman yadınızda qalsın: Albaniya göydəndüşmə dövlət deyil”.

Həsən Həsənov çıxışında albanların etnik mənsubiyyəti məsələsinə də toxunub. O qeyd edib ki, ermənilər albanların erməni olduğunu iddia etsələr də, ermənilərin etnik tərkibində “alban” adlı tayfa mövcud olmayıb:

“Albanların kimliyinə gəlincə, bilirik ki, ermənilər onların erməni olduğunu iddia edirlər. Hətta bəzi ləzgi iddialarında da buna oxşar fikirlərə rast gəlinir. Lakin qədim dövrdən bu günədək ‘alban’ adlı tayfaların mövcud olduğu yeganə etnik birlik türk xalqlarıdır. Nə ermənilərin, nə də ləzgilərin etnik tərkibində ‘alban’ adlı tayfa var”.

Alim sözlərinə görə, “alban” adını daşıyan türk tayfalarına bu gün də müxtəlif ölkələrdə rast gəlinir:

“Bu gün Şərqdə türk xalqı olan uyğurlar yaşayırlar. Uyğurlardan bir qədər aralıda türk əsilli albanlar məskunlaşıblar. Çində ‘alban’ adlı türk əsilli xalq yaşayır. Qazaxıstana gedib albanlarla görüşmək istədiyinizi bildirsəniz, sizə onların yaşadığı ünvanı göstərəcəklər”.

Həsən Həsənov bildirib ki, qazaxların və Çində yaşayan bəzi türk xalqlarının tərkibində alban tayfaları mövcuddur:

“Qazaxların və Çindəki xalqların tərkibində alban tayfaları var. Lakin nə ermənilərin, nə də ləzgilərin tərkibində bu adda tayfaya rast gəlinir”.

Lamiyə Cənnətzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı