Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin cinayət işi üzrə bu gün məhkəmə prosesi keçirilir.
Ramiz Mehdiyev işi ilə bağlı Modern.az-a açıqlama verən sabiq deputat Musa Musayev bildirib ki, hələ deputat olduğu müddətdə Ramiz Mehdiyevin günahkar olduğunu bilib və bunu ictimaiyyətə açıqlayıb:
“2000-2005-ci illərdə Milli Məclisin üzvü olanda da, 2006-2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətində işlədiyim dövrdə də Ramiz Mehdiyevlə bağlı öz fikirlərimi demişəm. O cümlədən onun barəsində cinayət işi açıldıqdan sonra da öz sözümü demişəm. Mətbuat və televiziya kanallarında da bu məsələlərlə bağlı çıxışlarım yayımlanıb".
O, qeyd edib ki, məhkəmə R.Mehdiyevi ən ağır cəzaya layiq bilməlidir:
"Ulu öndərimiz Heydər Əliyevin çox gözəl kəlamları var. Tədbirlərin birində o, belə bir fikir səsləndirmişdi ki, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Düşünürəm ki, Ramiz Mehdiyev də çox böyük günah işlədib. Əgər bu məhkəmə prosesində Ramiz Mehdiyevin işlətdiyi günahlar öz təsdiqini taparsa, düşünürəm ki, o, ən ağır cəzaya layiqdir”.