Modern.az

BMU-nun magistrantı Çində birinci oldu

BMU-nun magistrantı Çində birinci oldu

Aktual

Bu gün, 15:27

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) arasında həyata keçirilən ikili diplom proqramının magistrantı Sənur Məmmədli Çində süni intellekt və mədəni irs sahəsində apardığı tədqiqatlara görə üç müsabiqədə birinci dərəcəli mükafata layiq görülüb.

BMU-dan Modern.az-a bildirilib ki, Sənur Məmmədli “IX Ümum-Çin 5 dəqiqəlik elmi-tədqiqat” müsabiqəsində, eləcə də Çin Təhsil Nazirliyinin “FLTRP · ETIC Cup” platforması çərçivəsində keçirilən “Dörd yeni tədqiqat” və “Qısametrajlı video” müsabiqələrində birinci dərəcəli mükafat əldə edib.

Sənur Məmmədli ilk müsabiqədə “Dunxuan Mogao mağaralarının eroziyaya uğramış divar rəsmlərində rənglərin rəqəmsal bərpası: şərti GAN-lar və gizli diffuziya modellərinin müqayisəli tədqiqi” adlı tədqiqat işi ilə uğur qazanıb. Müsabiqənin nəticələrinə əsasən, o, Çin Akademik İngilis Dili Assosiasiyası və Fudan Universiteti Nəşriyyatı tərəfindən rəsmi sertifikatla təltif olunub.

İkinci müsabiqədə isə magistrant “Mogao modeli əsasında Şəki Xan Sarayının profilaktik mühafizəsi üçün domenə uyğunlaşdırılmış süni intellekt çərçivəsi” (“A Domain-Adaptive AI Framework for Preventive Conservation of Sheki Khan’s Palace with Mogao Model”) adlı tədqiqat işi ilə birinci dərəcəli mükafata layiq görülüb. Tədqiqat işində Çin təcrübəsi əsasında Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayının süni intellektəsaslı, səkkiz mərhələdən ibarət profilaktik konservasiya layihəsi təqdim olunub. Sözügedən tədqiqat işi oktyabr ayında Pekin Xarici Dillər Universitetində keçiriləcək “Çində Azərbaycanşünaslıq üzrə II Beynəlxalq Akademik Konfrans”da təqdim olunmaq üçün də qəbul edilib.

Bundan əlavə, Sənur Məmmədlinin “Qısametrajlı video” müsabiqəsinə təqdim etdiyi “Remote Similarity: From Sheki to Dunhuang” adlı video münsiflər tərəfindən 95,88 balla qiymətləndirilib və birinci dərəcəli mükafata layiq görülüb.

Videoda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında məlumat verilir, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs olunur. Video universitetin qalib layihəsi kimi “Bilibili” platformasında geniş auditoriyaya təqdim edilib.

Çinin tarixi Dunxuan bölgəsində aparılan sahə tədqiqatlarının davamı olaraq, gənc tədqiqatçının hazırladığı səyahətnamə “Şanxay Nianyi Mədəniyyəti” platforması tərəfindən ingilis və Çin dillərində ictimaiyyətə təqdim edilib.

İkili diplom proqramı magistrantının bu uğurları BMU-nun dünyanın aparıcı ali təhsil və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyətlərinin nəticələrindən biridir.

Xatırladaq ki, BMU ilə BUCEA arasında magistratura üzrə ikili diplom proqramının icrasına ötən ildən başlanılıb. Hazırda Çində təhsilini davam etdirən tələbələr proqramı bitirdikdən sonra hər iki ali məktəbin magistr diplomunu alacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı