Modern.az

Ağstafada isveçrilərlə yerli fermerlər plantasiyalar salacaqlar

Ağstafada isveçrilərlə yerli fermerlər plantasiyalar salacaqlar

Aktual

Bu gün, 13:10

Ağstafada plantasiyaların salınması, məhsulların saxlanılması üçün anbarların və emal müəssisələrinin yaradılması nəzərdə tutulur.

Deputat Azər Badamov bunu Modern.az-a açıqlamasında Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyəti ilə İsveçrənin “iCsquared GmbH” şirkəti arasında ABAK-WASSERSTEIN layihəsi üzrə sənədin imzalanmasını şərh edərkən bildirib. Sənədin imzalanması forumun proqramında da əks olunub.

Deputatın sözlərinə görə, layihə çərçivəsində qeyri-ənənəvi və yüksək məhsuldarlıqlı kənd təsərrüfatı plantasiyalarının salınması, anbar infrastrukturunun və emal müəssisələrinin qurulması nəzərdə tutulur. O qeyd edib ki, Ağstafanın mövcud xammal potensialı gələcəkdə həmin müəssisələrin fəaliyyətinə imkan verə bilər.

Azər Badamov yerli fermerlərin də layihədən faydalana biləcəyini bildirib:

“Əgər rayonun digər təsərrüfatlarında istehsal olunan məhsulların tədarükü və emal müəssisələrinin xammal bazasına cəlb edilməsi təmin olunarsa, bu, yerli fermerlərin məhsulları üçün əlavə satış imkanları yarada bilər”.

Deputat layihənin yeni iş yerlərinin yaradılmasına, regionda məşğulluğun artırılmasına və qeyri-neft məhsullarının ixracına töhfə verə biləcəyini vurğulayıb. 

Digər rayonlarla mümkün əməkdaşlığa toxunan Azər Badamov müxtəlif investisiya layihələri üzrə sənədlərin imzalanmasını mümkün sayıb. O, aqrar sahə ilə yanaşı, sənaye, enerji, əczaçılıq, logistika və rəqəmsal texnologiyaları potensial istiqamətlər kimi göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada panika! Ukrayna dağıdır - Moskvaya ard-arda hücumlar