Modern.az

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirir

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirir

Aktual

Bu gün, 10:50

Prezident İlham Əliyevin Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilən “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq enerji siyasətində tutduğu mövqenin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunun və ölkəmizin uzunmüddətli strateji hədəflərinin növbəti təqdimatı kimi xüsusi əhəmiyyət daşıyır.


Bu çıxışda diqqəti cəlb edən əsas məqamlardan biri Azərbaycanın Avropa İttifaqına qaz ixracını 2022-ci ildən ötən müddətdə 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırmasıdır. Bu göstərici sadəcə ixrac həcminin artması demək deyil. Bu, eyni zamanda, Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və etibarlı təchizat marşrutlarının formalaşdırılmasında oynadığı rolun miqyasını nümayiş etdirir.


Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanın qaz ixracının təxminən yarısının Avropa bazarının payına düşməsi ölkəmizin bu istiqamətdəki məsuliyyətinin və iqtisadi əlaqələrinin əhəmiyyətini daha da artırır. Yeni yataqların kəşfi və qaz təchizatını gələcəkdə genişləndirmək niyyəti isə Azərbaycanın enerji sahəsində əməkdaşlığı yalnız mövcud imkanlarla məhdudlaşdırmadığını, uzunmüddətli perspektivə hesablanmış siyasət həyata keçirdiyini göstərir.


Prezident İlham Əliyevin çıxışında Bakıdan İtaliyaya qədər uzanan və yeddi ölkənin ərazisindən keçərək Avropanın on ölkəsinin təchizatına xidmət edən qaz nəqli infrastrukturunun imkanlarına xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Bu marşrut artıq özünün strateji əhəmiyyətini praktik şəkildə təsdiqləyib. Boru kəmərinin mövcud ötürmə imkanlarının tam istifadə olunması və onun genişləndirilməsi zərurəti isə qarşıdakı dövrdə enerji infrastrukturuna yeni investisiyaların cəlb edilməsini və tərəfdaş ölkələrlə daha sıx koordinasiyanı aktuallaşdırır.
Burada mühüm bir məqamı da vurğulamaq lazımdır: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yalnız təbii qazla məhdudlaşmır. Ölkəmiz enerji resurslarının istehsalı, emalı, nəqli və ixracı sahəsində formalaşdırdığı geniş infrastrukturla Avrasiyanın mühüm enerji və logistika mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr Azərbaycanın gələcək enerji arxitekturasında daha geniş yer tutmasına imkan yaradır.

1562510
Düşünürəm ki, bu məsələdə xüsusilə bir prinsipə diqqət yetirilməlidir: enerji keçidi ənənəvi enerji mənbələrindən imtina etmək və mövcud resursları iqtisadi dövriyyədən çıxarmaq kimi başa düşülməməlidir. Söhbət enerji mənbələrinin şaxələndirilməsindən, daha səmərəli texnologiyaların tətbiqindən və istehlakçıların əlçatan, dayanıqlı enerji ilə təmin olunmasından gedir. Azərbaycanın üstünlüyü də məhz ondadır ki, ölkəmiz həm ənənəvi enerji resurslarına, həm də bərpaolunan enerji istehsalı üçün böyük potensiala malikdir. Bu iki istiqamətin paralel inkişafı milli iqtisadiyyatın dayanıqlılığını artırmaqla yanaşı, Avropanın gələcək enerji tələbatının ödənilməsinə də əlavə imkanlar yaradır.


Prezident İlham Əliyevin Azərbaycanın emal müəssisələrinin ümumi istehsal həcminin 30 milyon ton olduğunu diqqətə çatdırması da ölkəmizin enerji siyasətinin başqa bir mühüm tərəfinə işarədir. Azərbaycan yalnız xammal ixrac edən ölkə kimi mövqelənmir. İstehsal və emal imkanlarının genişləndirilməsi, enerji məhsullarının əlavə dəyər yaradılmaqla dünya bazarlarına çıxarılması iqtisadi inkişaf strategiyamızın mühüm istiqamətlərindəndir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa ilə enerji əməkdaşlığını yalnız cari tələbatların ödənilməsi çərçivəsində deyil, qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli strateji tərəfdaşlıq kimi nəzərdən keçirir. Bu əməkdaşlıq ölkəmizin beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə, təchizat mənbələrinin şaxələndirilməsinə və regional bağlantıların inkişafına real töhfə verir.


Əslində, Azərbaycanın qaz təchizatını artırmaq, mövcud infrastrukturun ötürücülük imkanlarını genişləndirmək və alternativ enerji layihələrini reallaşdırmaq istiqamətində atdığı addımlar vahid strateji yanaşmanın tərkib hissələridir. Bu yanaşmanın əsasında milli maraqlar, iqtisadi səmərəlilik, etibarlı tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq dayanır.


Prezident İlham Əliyevin Dublindəki çıxışı bir daha təsdiqləyir ki, Azərbaycan müasir dünyanın dəyişən enerji reallıqlarına uyğunlaşan, eyni zamanda, həmin reallıqların formalaşmasına təsir göstərən ölkələrdən biridir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşdırsa, sabah bu əməkdaşlığın yeni enerji mənbələri, daha geniş infrastruktur və innovativ texnologiyalar hesabına daha da dərinləşməsi üçün ciddi potensiala malikdir.

Azər Kərimli
Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu