1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələ oldu. Ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya dövlətçilik ənənələrinin qorunması, siyasi sabitliyin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə başladı. Sonrakı illərdə YAP-ın siyasi fəaliyyəti ölkənin inkişaf mərhələləri və yeni dövrün çağırışları ilə uzlaşaraq davam etdi.
Partiyanın siyasi irsində gənclərə münasibət xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyev gəncliyi Azərbaycanın gələcəyini müəyyənləşdirən mühüm qüvvə hesab edir, onların təhsilinə, dünyagörüşünə, milli-mənəvi dəyərlərə bağlılığına və ictimai fəallığına böyük əhəmiyyət verirdi. Onun təşəbbüsü ilə dövlət gənclər siyasətinin əsasları formalaşdırıldı, 1996-cı ildə Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi, 1997-ci ildə isə 2 fevral tarixi Azərbaycan Gəncləri Günü elan edildi. Bu addımlar gənclərin cəmiyyət həyatındakı rolunun dövlət siyasəti səviyyəsində qəbul edilməsinin mühüm göstəriciləri idi.
Heydər Əliyevin gənclərə verdiyi dəyər YAP-ın təşkilati fəaliyyətində də öz əksini tapdı. 1995-ci ildə YAP Gənclər Birliyinin yaradılması gənclərin partiya daxilində təşkilatlanması, təşəbbüslərini irəli sürməsi və ictimai-siyasi proseslərdə təcrübə qazanması üçün yeni imkanlar açdı. Beləliklə, gənclər partiyanın fəaliyyətində həm də yeni ideyaların və təşəbbüslərin müəllifi kimi formalaşmağa başladılar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Gənclərin keyfiyyətli təhsil alması, beynəlxalq təcrübə qazanması, innovativ düşüncəsinin inkişafı, könüllülük və ictimai fəaliyyətə cəlb olunması diqqət mərkəzində saxlanılır. YAP çərçivəsində təşkil olunan forumlar, müzakirələr, təlimlər və müxtəlif layihələr də gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsi, fikirlərini sərbəst ifadə etməsi, həmçinin ictimai təşəbbüslərlə çıxış etməsi baxımından əhəmiyyətli platformalardır.
2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qurultayda diqqət çəkən məsələlər sırasında insan kapitalının inkişafı, müasir bilik və bacarıqlara malik nəslin yetişdirilməsi, milli-mənəvi dəyərlərlə müasir düşüncənin uzlaşdırılması, istiqamətində innovativ layihələrin hazırlanması xüsusi yer tutur. Bu yanaşma gənclərin yalnız mövcud imkanlardan yararlanaraq yeni ideyalar irəli sürən, dəyişən, rəqabət mühitli dünyaya uyğunlaşan və ölkənin inkişafına töhfə verən fəal qüvvə kimi formalaşmasını nəzərdə tutur.
Günümüzdə gənclərin qarşısında duran əsas vəzifə onlara göstərilən etimadı bilik, peşəkarlıq, təşəbbüskarlıq və ictimai məsuliyyətlə doğrultmaqdır. Tarixi təcrübənin qorunması, habelə yeni düşüncənin və müasir yanaşmaların inkişaf etdirilməsi dövlətçilik ənənələrinin davamlılığı üçün vacibdir. Gənclər məhz bu iki istiqamət arasında körpü yaradaraq həm keçmişin dəyərlərini yaşadır, həm də gələcəyin ideyalarını formalaşdırırlar.
Gənclərə göstərilən diqqətə, etimada və yaradılan inkişaf imkanlarına görə minnətdarlığımızı ifadə etmək istərdik. Bu münasibət bizim üçün həm dəyər, həm də məsuliyyətdir. Həmin imkanlardan səmərəli istifadə etmək, əldə olunan bilik və təcrübəni cəmiyyətin rifahına yönəltmək gənclərin əsas vəzifələrindəndir.
Yeni Azərbaycan Partiyasının 34 illik siyasi yolu dövlətçilik ənənələrinin qorunması və davam etdirilməsi baxımından mühüm təcrübə ortaya qoyur. Bu irsin gələcəyə ötürülməsi isə tarixi yaddaşla müasir düşüncəni birləşdirən, milli dəyərlərə bağlı və yeniliklərə açıq gənc nəslin formalaşmasından keçir. Gəncliyin strateji rolu da məhz bu davamlılıqda və gələcəyin qurulmasında üzərinə götürdüyü məsuliyyətdə ifadə olunur.
Ərhun Baxış
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədr müavini