Modern.az

Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 5-6 dəfə artacaq

Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 5-6 dəfə artacaq

Aktual

Bu gün, 17:05

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasında dövlət səfərindədir. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi diqqət mərkəzindədir. Xüsusilə ticarət dövriyyəsinin artırılması, enerji, investisiya və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından səfərin iqtisadi əhəmiyyəti diqqət çəkir.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan - Vyetnam parlamentlərarası işçi qrupunun sədri Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri iki ölkə arasında mövcud tərəfdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Azərbaycan və Vyetnam arasında yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri bu gün enerji, ticarət, investisiya, nəqliyyat-logistika, elm və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Bu əlaqələrin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. 1983-cü ildə isə Heydər Əliyev Vyetnamda olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün möhkəm təməl yaradıb. Bu gün Azərbaycan - Vyetnam münasibətləri tarixi dostluq ənənələrinə əsaslanmaqla yanaşı, konkret iqtisadi maraqlar və qarşılıqlı faydalı əməkdaşlıq üzərində inkişaf edir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artır, neft-qaz sənayesi, tikinti, infrastruktur, eləcə də bərpaolunan enerji sahələrində əlaqələr genişlənir. Azərbaycan - Vyetnam iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən biri enerji sektorudur".

Komitə sədri qeyd edib ki, Vyetnam uzun illərdir Azərbaycan neftinin sabit alıcılarından biridir:

"Təkcə 2024-cü ildə ölkəmiz Vyetnama 77,9 milyon dollar dəyərində 138,5 min ton xam neft və neft məhsulları ixrac edib. Bu göstərici Vyetnamın Azərbaycan neftinin alıcıları arasında mühüm yer tutduğunu göstərir. SOCAR-ın Vyetnamın PetroVietnam və Vietsovpetro şirkətləri ilə əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Tərəflər on ildən artıqdır ki, neftin kəşfiyyatı, təchizatı və emalı sahələrində əlaqələri inkişaf etdirirlər. 2025-ci ildə SOCAR ilə PetroVietnam arasında imzalanmış Anlaşma Memorandumu isə neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı istiqamətlərində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. İqtisadi əlaqələrin inkişafını ticarət göstəriciləri də təsdiqləyir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Digər diqqətçəkən məqam nəqliyyat-logistika sahəsində müşahidə olunan artımdır. 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamla bağlı tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq, enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində genişmiqyaslı birgə təşəbbüslər həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Hesab edirəm ki, bu istiqamətlərdə planlı və ardıcıl əməkdaşlıq yaxın perspektivdə konkret iqtisadi nəticələr verə bilər”.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan və Vyetnam arasında əməkdaşlıq yalnız enerji və ticarətlə məhdudlaşmır:

“İnvestisiya, sənaye, bərpaolunan enerji, elm, təhsil və humanitar sahələr də ikitərəfli münasibətlərin mühüm istiqamətlərindəndirİki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi üçün də imkanlar mövcuddur. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "ROX Group" ilə müvafiq sənədlərin imzalanması bu baxımdan diqqətəlayiqdir. Eyni zamanda, Günəş və külək enerjisi sahəsində layihələrin həyata keçirilməsi, sənaye və infrastrukturun inkişafı üzrə əməkdaşlıq üçün perspektivlər var. Humanitar və təhsil əlaqələri də münasibətlərimizin mühüm hissəsidir. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb. Onların bir çoxu hazırda Vyetnamda dövlət vəzifələrində çalışır. Bu, ölkələrimiz arasında formalaşmış tarixi və insani bağların göstəricisidir. Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzinin, eləcə də Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti əlaqələrin inkişafına töhfə verir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi sosial və humanitar layihələr də xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət edir".

Hicran Hüseynova parlamentlərarası əlaqələrin inkişafının da xüsusi əhəmiyyət daşıdığını deyib:

"Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yaradılması təşəbbüsü bu əməkdaşlığın institusional əsaslarını gücləndirəcək. Bu, siyasi dialoqun genişlənməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və ikitərəfli münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm addımdır”.

Deputatın fikrincə, Azərbaycan və Vyetnam arasında əməkdaşlığın gələcək inkişafı üçün həm tarixi zəmin, həm də real iqtisadi potensial mövcuddur. O hesab edir ki, iki ölkə arasında əlaqələr Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında daha geniş iqtisadi tərəfdaşlıq imkanları yarada bilər:

“Dəyişən qlobal iqtisadi şəraitdə ölkələrin xarici iqtisadi əlaqələrini şaxələndirməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan - Vyetnam əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanan təbii tərəfdaşlıq nümunəsidir. Cənubi Qafqazla Cənub - Şərqi Asiya arasında tarixən formalaşmış dostluq əlaqələri bu gün yeni iqtisadi məzmun qazanır. Söhbət təkcə siyasi və humanitar münasibətlərdən deyil, həm də Asiyanın istehsal potensialını, Xəzər regionunun enerji imkanlarını və Avropa bazarlarını birləşdirə biləcək uzunmüddətli iqtisadi tərəfdaşlıq perspektivindən gedir”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Azərbaycanla Vyetnam arasında mövcud ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialını əks etdirmir:

“Ticarət əlaqələrinin genişləndirilməsi üçün kifayət qədər imkanlar var və Prezident İlham Əliyevin Vyetnama səfəri bu potensialın reallaşdırılmasına töhfə verə bilər. Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinə baxanda böyük potensialın olduğu aydın görünür. Keçən il bizim ticarət dövriyyəmiz cəmi 153 milyon dollar olub. Bu, əslində, Azərbaycanla Vyetnamın potensialına uyğun deyil. İxracatımız çox az olub: 1,1 milyon dollar ixrac, 152 milyon dollar idxalımız olub. Vyetnam Sakit okean ölkələri arasında sürətlə inkişaf edən dövlətlərdən biridir. Təsəvvür edin ki, ABŞ-yə Çindən sonra ən çox mal ixrac edən ölkədir".

        

İqtisadçının sözlərinə görə, Prezidentin Vyetnam səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsinə və potensiala uyğun olaraq ticarət dövriyyəsinin artmasına xidmət edəcək:

"Ənənəvi olaraq enerji və logistika sahələrində kifayət qədər çoxsaylı müqavilələrin, layihələrin olması gözlənilir. Bu, həm Vyetnamın, həm də Azərbaycanın marağındadır. Turizm, kənd təsərrüfatı məhsullarının ixracı və birgə istehsalla bağlı danışıqlar gedir. Azərbaycanla Vyetnamın qarşılıqlı ticarət dövriyyəsini indikindən ən azı 5-6 dəfə artırmaq üçün imkanlar var. Bu səfər həmin imkanların düzgün dəyərləndirilməsi üçün ciddi rol oynayacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?