Bu gün yolumu Ağdama salmışdım. Yenə virtual olaraq. Budəfəki səfərimizin səbəbkarı isə “Virtual Qarabağ”ın yaradıcıları idi…
***
Bəlkə də qəribədir, deyə bilmirəm. İzahını özüm də verə bilmirəm. İnsanın ən ağır, çətin və son gününə şahidlik etməyi heç vaxt istəməmişəm. O şəxs istər qohum olsun, istər yad, istərsə dost, mənə fərq etməz. İnsanın o dünya ilə əlləşdiyi bir vaxtda, niyə ona mane olmalıyam axı, üstəlik həmin məqamı yaddaşıma hopdurmaqla nəyi qazana bilərəm?
Əslində, heç nəyi. Hər o adam haqqında danışanda, məhz o məqam göz önümə gələcək, mən də sözün həqiqi mənasında pis olaraq, fikrimdən çıxara bilməyəcəyəm. Bü gun maraqlı gəlir ki, bəzən belə məqamı seyr etməyi və ya müşahidə etməyi bacaran, hətta ona maraq göstərən insanlarımız var. Söz yoxdur ki, hər bir insanın kiminsə yaxın və doğma adamının ağır günlərinə şahidlik etməsi realdır, qəbulediləndir. Həmin günlərdə insanın hansı davranışda olması, özünü necə aparması bəzən də qohum-əqrabanın, qonum-qonşunun müzakirə mövzusu olur...
Deyəsən çox uzağa getdim... Bu gün həyatımda ilk dəfə idi ki, özüm üçün yazdığım qanun-qaydanı bir balaca pozası oldum. Yəni...

***
Bu gün xəyalım məni ruhların gəzib dolaşdığı Ağdamın çal-çağırlı günlərinə qaytarmışdı. “Soyuztrans”, “Passaj”, “Bir nömrəli məktəb”, ”Məscid, “Çay evi”, “Mədəniyyət evi”, “Üzümçülər evi”, ağdamlıların “Bilvar” dediyi “Bulvar”, “Qara Bəyin mülkü”, Çörək muzeyi, İmarət və bütov AĞDAM yenidən canlanmışdı göz önümdə.
Bir anlıq elə hiss etdim ki, Ağdamdayam. Sanki şəhərin dili olsaydı, danışardı. Dili olsaydı, bəlkə də bizi qınayardı ki, niyə gec-gec gəlirsiniz... Gəzdik doyunca. Virtual olaraq yaddaşımızı təzələdik bir daha.
***
Mən Ağdamın son günününə şahidlik etməmişəm. O günlərdə həyəcan içində Quzanlı kəndində göy “Moskviç”imizlə gəzib, ara-sıra görünən əli silahlıların hərəkətinə, kənd caamatının bir-birinin üzünə dik baxmamasının şahidiydim. Təsadüf idimi bilmirəm, amma Küçərlidəki “zapravkada” növbə tutub benzin doldurmağımı, bir neçə hərbi maşının üzü Qərvəndə doğru getdiyinin şahidi olmuşam. Camaat arasında “panika” yayanlar da az deyildi. Düz sözü kənara atıb, əyriyə inananlar özlərindən min bir nağıl quraşdırıb yaymaqlarının şahidiydim. Hətta o basabasda Küçərli “POST QAİ”sində idarə etdiyim göy “Moskviçi” saxlatdırıb, baqajdakı iki ədəd “tol”a görə, min rubl rüşvət aldıqlarının şahidiydim. Amma Ağdamın son gününə şahidlik etmədim...
***
Əksinə o gün onun canlı, çal-çağırlı günlərinə şahidlik etdim. O günlərə ki, özümdə çal-çağırlı illəri və əzab-əziyyətli anları yaşamışam. Bu gün mənim üçün Ağdam yaşayır. Sap-sağlam canlı orqanizmdir. Yenə o küçələri gəzir, bazarda Seyid Lazım ağaya salam verib, Lenin prospektinə qayıdıb, Maarif şöbəsinə gedib, naharımı “Çay evində” xəngəl yeməklə yola vermişdim. Sanki gəzib yorulmaq yox, gəzib dincəlmişdim “Çay evi”ndə...
***
Sonda isə Ağdama qayıtmaq eşqini bizlərə yaşatdıqlarna görə, “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli animasiya filminin müəlliflərinə, təşəbüskarlarına və yaradıcı heyətə təşəkkürümü bildirirəm. İnanıram ki, “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən istehsal olunan bu film hələ çox gəncə Ağdama, Qarabağa getməyin yollarını göstərəcək...