Modern.az

Müəllim işləmək istəyənlərdən sənəd qəbulu dayandırıldı

Müəllim işləmək istəyənlərdən sənəd qəbulu dayandırıldı

5 Sentyabr 2009, 16:52

PAYTAXTDA DAİMİ PASPORT QEYDİYYATI OLMAYANLAR ŞƏHƏR MƏKTƏBLƏRİNƏ İŞƏ GÖTÜRÜLMƏYƏCƏK

Təhsil Nazirliyi sentyabrın 5-də saat 12.00-dan Bakının orta məktəblərdəki vakant müəllim yerlərini tutmaq istəyən pedaqoji kadrlardan elektron ərizə qəbulunu dayandırıb. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bundan sonra paytaxt məktəblərində müəllim işləmək arzusunda olanların heç birinin sənədt qəbul olunmayacaq. 20 avqust-5 sentyabr aralığında elektron ərizələri qəbul olunmuş pedaqoji kadrlar isə tələb olunan sənədləri vaxtında nazirliyə təqdim etmədikləri halda müsabiqəyə buraxılmayacaqlar.
Xatırladaq ki, işə qəbulla bağlı müsabiqənin iki mərhələdə keçirilməsi nəzərdə tutulur.
Sentyabrın 5-dək elektron ərizələri qəbul olunmuş müəllimlər müsabiqəyə buraxılmaları elə bu gündən digər müvafiq sənədləri (kadrların şəxsi uçot vərəqi, diplom, diploma əlavə, əmək kitabçası, şəxsiyyət vəsiqəsinin və ərizə formasındakı göstəriciləri təsdiq edən digər sənədlərin surətləri) Təhsil Nazirliyinin Strateji təhlili, planlaşdırılma və kadrların idarəolunması şöbəsinə təqdim etməlidirlər.
I mərhələdə-sentyabrın 5-dən 12-dək vakant yerlərə ərizə vermiş namizədlərin sənədləri qiymətləndiriləcək. Qiymətləndirmə zamanı sənəd verən müəllimlərin göstəriciləri təhlil olunacaq. Bu mərhələdə müəyyənləşdirilmiş keçid balını toplayan namizədlər II mərhələyə buraxılacaqlar. Müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçiriləcək. Hər bir müəllimlə aparılacaq imtahanda təhsil naziri Misir Mərdanovun da iştirakı nəzərdə tutulub. Konkret meyarlar əsasında bu mərhələnin nəticələri də qiymətləndiriləcək. Daha sonra hər iki mərhələnin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi həyata keçiriləcək. Sonda isə keçid balı toplamış müəllimin ərizədə göstərdiyi konket məktəbdə iş yerinə qəbulu barədə müvafiq qərar qəbul ediləcək. Bir yerə bir neçə namizəd müsabiqədən keçdiyi halda, daha yüksək nəticə göstərmiş müəllim vakant yerə təyin olunacaq, digərlərinin adı isə ehtiyat kadrlar siyahısına daxil ediləcək. Adı ehtiyat kadrlar siyahısına daxil edilmiş kadrlara ixtisaslarına uyğun tutulmamış vakant yerlər təklif ediləcək. Təhsil Nazirliyinin məktubuna əsasən məktəb direktorunun əmri ilə müəllimlə əmək müqaviləsi bağlanılacaq.
Gələn ildən ölkənin digər bölgələrinin məktəblərində də müəllimlərin işə qəbulu yeni qayda ilə, elektron ərizə forması tətbiq edilməklə aparılacaq.
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən verilən məlumata görə, 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslardan olan 357 müəllim yeri boşdur. Onlardan 29-u ibtidai sinif, 18-i Azərbaycan dili və ədəbiyyatı, 22-si riyaziyyat, 76-sı informatika,10-u fizika, 10-u kimya, 11-i biologiya, 20-si tarix, 16-sı coğrafiya, 2-si rus dili və ədəbiyyatı, 33-ü ingilis dili, 1-i fransız dili, 65-i fiziki tərbiyə, 20-si hərbi hazırlıq, 19-u əmək, 8-i təsviri incəsənət və rəsmxət müəllimi yerləridir.

Ə.QAFARLI

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı