Stenford Universitetinin neyrobioloqu Endryu Huberman gecə yuxudan oyandıqdan sonra yenidən yuxuya getmək üçün sadə bir üsul təklif edib.
Modern.az xəbər verir ki, bu texnika bir dəqiqədən az vaxt aparır və çarpayıdan qalxmağı tələb etmir.
"Womans World" nəşrinin məlumatına əsasən, bu məşqi yerinə yetirmək üçün gözlərinizi yummalı və baxışlarınızı əvvəlcə bir tərəfə, sonra digər tərəfə, daha sonra isə yuxarı və aşağı istiqamətləndirməlisiniz.
Ardınca gözlərinizi dairəvi şəkildə: əvvəlcə saat əqrəbinin əksi istiqamətində, sonra isə saat əqrəbi istiqamətində hərəkət etdirin. Sonda baxışlarınızı burnunuza yönəldin və dərindən nəfəs verin. Məşqi iki-üç dəfə təkrarlamaq tövsiyə olunur.
Hubermanın fikrincə, bu cür hərəkətlər bədən mövqeyi hissi ilə əlaqəli beyin mexanizmlərinin fəaliyyətini azalda və insanın daha tez yuxuya getməsinə kömək edə bilər. Bununla belə, yuxu mütəxəssisləri qeyd edirlər ki, hazırda məhz bu məşqlə bağlı kifayət qədər elmi məlumat mövcud deyil.
Psixoloq və yuxu üzrə mütəxəssis Şelbi Harris hesab edir ki, bu üsul faydalı ola bilər: çünki onun sadə və təkrarlanan hərəkətlər ardıcıllığı fikri narahatedici düşüncələrdən yayındırır. O, həmçinin əlavə edir ki, yavaş nəfəsvermə də rahatlamağa kömək edir.
Mütəxəssislər vurğulayırlar ki, bu üsul hər kəs üçün uyğun deyil və yuxu pozuntularının müalicəsini əvəz etmir. Bununla belə, gecə vaxtı arabir oyanma halları üçün onu sınamağa dəyər.