Bu gün M.F.Axundov adına Milli Kitabxanada Gənc Ədiblər Məktəbinin üzvləri ilə yazıçı- drammaturq Əli Əmirlinin görüşü keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, “ 525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Əli Əmirli haqqında məktəb üzvlərinə məlumat verib. Yazarın nəsr və drammaturgiya yaradıcılığı haqqında söz salan Rəşad Məcid ədibin ölkə teatrlarında tamaşaya qoyulan pyeslərini müasir teatrın uğurları kimi dəyərləndirib.
Əli Əmirli Gənc Ədiblər Məktəbi üzvlərinin ədəbiyyat, sənət haqqındakı çoxsaylı suallarını cavablandırıb, yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbirdə məktəb üzvlərindən Qismət, Elnaz Eyvazlı, Anar Amin, Qılman İmanlı, Əli Əlioğlu şeirlər oxuyublar. Həmçinin Ramiz Rövşənin “525-ci qəzet” seriyasından işıq üzü görən kitabı gənclərə hədiyyə edilib.
Gənc Ədiblər Məktəbi Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ayda bir dəfə M.F.Axundov adına Milli Kitabxanada tədbir keçirir.