Modern.az

Kamran Bayramov: YAP-ın VIII Qurultayı növbəti tarixi mərhələnin başlanğıcıdır

Kamran Bayramov: YAP-ın VIII Qurultayı növbəti tarixi mərhələnin başlanğıcıdır

Ölkə

Bu gün, 17:50

 

Müstəqilliyinin ilk illərində xaos, vətəndaş müharibəsi təhlükəsi və torpaqlarının işğalı ilə üz-üzə qalan Azərbaycanın xilas tarixi məhz Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə başladı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi zəkası və xalqın sarsılmaz inamı ilə təməli qoyulan bu təşkilat yalnız bir siyasi partiya deyil, Azərbaycan dövlətçiliyinin, milli həmrəyliyin və inkişafın əsas sütununa çevrildi. Otuz ildən artıq bir müddətdə iqtidarda olan YAP ölkəmizi siyasi burulğanlardan çıxararaq Zəfərə, Qafqazın lider dövləti olmaq zirvəsinə daşıdı. Bu gün YAP nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi qüvvəsidir. Bu tarixi missiyanın, qazanılan möhtəşəm Zəfərlərin və gələcəyə yönəlmiş strateji hədəflərin növbəti təntənəsi Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı oldu.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib. K.Bayramov qeyd edib ki, Qurultayda geniş və dərin məzmunlu nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyev ölkəmizin keçdiyi çətin və şərəfli yola nəzər salaraq dövlətçilik tariximizin ən kritik məqamlarına toxundu. Məhz 33 il əvvəl – 1993-cü il oktyabrın 3-də xalqın yekdil iradəsi ilə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanı süqutdan xilas etdi. Dövlətimizin başçısı qurultaydakı çıxışında mühüm bir tarixi reallığı xüsusi vurğulayaraq bildirdi ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın və separatizm meylləri Qarabağda yer alsın. Məhz Ulu Öndərin xilas missiyası və onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilməsi sayəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğala son qoydu, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə isə ölkənin bütün ərazisində suverenliyini tam bərpa etdi.
Deputat diqqətə çatdırıb ki, bu tarixi Zəfərlər fonunda Azərbaycanın xarici siyasət strategiyasının və ideoloji təhlükəsizliyinin əsas prinsipləri VIII Qurultayda bir daha aydın şəkildə bəyan edildi. Rəsmi Bakı xarici siyasətini hər hansı kənar diktə ilə deyil, yalnız milli maraqlar əsasında qurur. Ölkəmiz artıq dünyanın aparıcı ekspertləri və analitikləri tərəfindən "orta güc dövləti" kimi qəbul olunur və tam iqtisadi müstəqilliyə sahibdir. Dövlət başçısının xarici müdaxilələrə və təzyiq cəhdlərinə cavabı konkret və kəsərli oldu: “Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil.”
Bu gün Azərbaycan öz daxili resursları hesabına Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır, balanslaşdırılmış xarici siyasəti və qlobal layihələri ilə beynəlxalq aləmin en etibarlı tərəfdaşlarından birinə çevrilib. K.Bayramov əlavə edib ki, müstəqil siyasətin və iqtisadi suverenliyin en bariz göstəricisi isə işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz quruculuq işləridir. Azərbaycan heç bir xarici maliyyə asılılığı olmadan, sırf öz daxili potensialı ilə Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. Bu günə qədər azad olunmuş bölgələrin inkişafına və infra-struktur layihələrinə 28 milyard manat vəsait xərclənib. Bu nəhəng investisiyalar sayəsində artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yaşayan, çalışan və təhsil alan vətəndaşlarımızın ümumi sayı 96 mini ötüb. Dövlətimizin başçısı xüsusi olaraq bəyan etdi ki, bundan sonrakı illərdə Böyük Qayıdış proqramı daha da sürətlənəcək, azad edilmiş torpaqlar ölkənin ümumi iqtisadi həyatına tam inteqrasiya olunacaqdır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha sübut etdi ki, güclü dövlət, müstəqil siyasət və sarsılmaz milli birlik Azərbaycanın dəyişməz seçimidir və bu yol ölkəmizi daha böyük zirvələrə doğru aparmaqdadır.

Kamran Bayramov

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər