ATA İttifaqının prezidentliyə namizədi olmuş Sinan Oğan ötən gün keçirdiyi mətbuat konfrasında seçkilərin ikinci turu ilə bağlı mövqeyini açıqlayıb. O, tərəfdarlarına çağırış edərək, mayın 28-də təşkil olunacaq ikinci tur seçilərində "Cümhur İttifaqı"nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.
"Prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyimi bildirirəm. Tərəfdarlarımı seçkilərdə onu dəstəkləməyə çağırıram", - Sinan Oğan deyib.
Onun açıqlaması Türkiyənin siyasi gündəmini dəyişməklə yanaşı, beynəlxalq mediada da geniş işıqlandırılıb, müxtəlif səpkili müzakirələrə səbəb olub.
Modern.az dünyanın aparıcı media orqanlarının Sinan Oğlanla bağlı xəbərlərindən bəzilərini təqdim edir:
“CNN International” kanalı “Türkiyədə prezidentliyə namizəd Sinan Oğan Ərdoğanı dəstəkləyir” başlığı ilə xəbər paylaşıb.
“New York Times” isə Oğanın Ərdoğana rəqibinə qarşı mübarizədə əlavə güc verdiyini yazıb:
"Oğan Ərdoğana rəqibinə qarşı mübarizədə əlavə dəstək verib. 20 ildir ki, Türkiyə siyasətinin dominant fiquru olan Ərdoğanın seçkidə qalib gələcəyi ,növbəti 5 il üçün daxili və xarici siyasəti formalaşdıracağı görünür”.
"Əl-Cəzirə"nin xəbərində deyilir: "Oğan bazar ertəsi paytaxt Ankarada keçirdiyi mətbuat konfransında Ərdoğanı dəstəklədi və onun kampaniyasının millətçiləri Türkiyə siyasətində əsas oyunçulara çevirdiyini söylədi".
Britaniyanın "The Guardian" qəzeti: "Analitiklər deyirlər ki, bu, Ərdoğanın yenidən seçilmək şansını artırır, çünki seçicilər çox güman ki, parçalanmış hökumətdən qaçmaq üçün ona səs verəcəklər. Oğan buna səbəb kimi Ərdoğanın parlament çoxluğunu göstərib”.
"France 24" telekanalı "Oğan Ərdoğanın siyasətini bəyənməyən, lakin Türkiyənin mərkəz sol, dünyəvi ana müxalifət partiyasının lideri Kılıçdaroğlunu dəstəkləmək istəməyənlərin səsini topladı", - deyə qeyd edib.
Qeyd edək ki, prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
İkinci turda Ərdoğan və Kılıçdaroğlu yarışacaq. Qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.