Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun son həftəsində baş tutacaq.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya lideri ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqların gündəliyinə taxıl sazişinin bərpası, ikitərəfli əlaqələr, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, eləcə də iki ölkə arasında münasibətlərin normallaşdırılması və digər aktual məsələlər daxil ediləcək.
Hazırda tərəflər səfərin dəqiq tarixi, yeri və digər detallarla bağlı iş aparırlar.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüşün keçirilməsi gözlənilir. Liderlər görüş barədə razılığa gəlsələr də, dəqiq tarix məlum deyil.
Putin bu yaxınlarda keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər arasında görüşün hələ Türkiyədəki seçkiöncəsi gerçəkləşdirilməsi planlaşdırılsa da, sonradan məqsədəuyğun hesab edilməyib:
“Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm. Ərdoğan məni hələ seçkilərdən öncə dəvət edib, lakin mümkün “spekulyasiya” səbəbindən bunu etməmək qərarına gəlmişdik. Bu, nə ona, nə də mənə lazım deyil. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə açıqlamasında deyib ki, Putinin Türkiyəyə nə zaman rəsmi səfər edəcəyi hələ məlum deyil.