Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyi Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayevanın vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.
Modern.az xəbər verir ki, başsağlığında deyilir:
"Qənirə xanım Paşayeva qeyri-adi təşkilatçılıq qabiliyyətinə, yüksək peşəkarlıq səriştəsinə və nadir insani keyfiyyətlərə - ədəb-ərkan, həssaslıq, hər zaman köməyə gəlmək istəyinə malik idi.
Millət vəkili Qənirə Ələsgər qızı Paşayeva təkcə Azərbaycanda deyil, bütün türk dünyasında, o cümlədən Tatarıstan Respublikasında böyük hörmətə malikdir. O, respublikamızda öz ölkəsinin əsl vətənpərvəri, tatar xalqının dostu kimi tanınır və qiymətləndirilir.
Tatarıstan onun Azərbaycan-Tatarıstan əməkdaşlığının inkişafına, ictimai-siyasi sahədə, mədəniyyət və ədəbiyyat sahəsində birgə layihələrin həyata keçirilməsinə verdiyi şəxsi töhfəni həmişə böyük minnətdarlıqla xatırlayacaqdır.
İtkinin kədərini bölüşərək, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!".