İsveçrə prokurorları Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimovaya bir sıra ittihamlar irəli sürüb.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
O, cinayət təşkilatı idarə etməkdə, Özbəkistandan milyonlarla dollar oğurlamaqda, dövlət məmurlarına və korporativ menecerlərə sistematik şəkildə rüşvət verməkdə ittiham olunur. Qəzetin məlumatına görə, ittihamların irəli sürülməsi cümə axşamı baş tutub.
Nəşr yazır ki, xanım Kərimova uzun illər BMT-nin diplomatı statusuna malik olub və sərbəst şəkildə bütün dünyanı gəzib, biznes maraqlarını təbliğ edib. İttiham aktında iddia olunur ki, bütün bu müddət ərzində o, onlarla insan və yüzdən çox şirkətin daxil olduğu “ofis” kimi tanınan cinayətkar birliyi idarə edib.
Hazırda Özbəkistanda həbsdə olan Gülnarə Kərimovanın vəkilləri artıq onun günahsız olduğunu bəyan ediblər.