Xəbər verdiyimiz kimi, 7 oktyabrda başlayan Fələstin-İsrail qarşıdurması davam etməkdədir.
Modern.az bu saata olan ən vacib məqamlara dünya mətbuatından nəzər salıb.
HƏMAS açıqlayıb ki, İsrailin Qəzza zolağı yaxınlığındakı Aşkelon şəhərinə 150 raket atılıb. İsrail ordusu HƏMAS-ın İsrailə hücumları nəticəsində 258 əsgərin öldüyünü bildirib. İsrailin Qəzzadakı mülki əhaliyə şəhəri tərk etmək çağırışı ilə bağlı panika yaranıb.
Humanitar təşkilatlar xəbərdarlıq edib ki, 24 saat ərzində evakuasiya mümkün deyil. BMT İsraili “humanitar fəlakətin qarşısını almaq üçün” mülki şəxslərin təcili köçürülməsi tələbini ləğv etməyə çağırıb. Təşkilat işçilərini təhlükəsiz yerə aparmağa çalışır.
Türkiyə Misir vasitəsilə Qəzza zolağına tibbi yardım üçün ərzaq və avadanlıq göndərib. Yüklər Misir və Qəzza arasındakı Rəfah keçid məntəqəsi vasitəsilə daşınacaq. Misir təhlükəsizliyi gücləndirmək üçün Qəzza zolağı ilə sərhədə qoşun yeridib.
Hakimiyyət humanitar yardımların keçməsi üçün Rəfah keçid məntəqəsində “təhlükəsiz zonalar” yaratmağı təklif edib.