Modern.az

Orban Aİ liderlərini tənqid etdi - Brüssel Moskvanı parodiya edir

Orban Aİ liderlərini tənqid etdi - Brüssel Moskvanı parodiya edir

Dünya

24 Oktyabr 2023, 11:12

Macarıstanın baş naziri Viktor Orban gələn il keçiriləcək Avropa Parlamentinə seçkilərlə bağlı kampaniyasına Aİ liderlərini tənqid etməklə başlayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Ölkənin qərbindəki Vesprem şəhərində çıxış edən Orban Brüsselin Moskvanın Şərqi Avropada bir vaxtlar dominant mövqeyini "pis parodiya" etdiyini söyləyib.

 

"Moskva faciə idi. Brüssel isə sadəcə olaraq müasir və pis parodiyadır", - Macarıstan baş naziri bəyan edib.

 

Orbanın Vespremdəki çıxışından bir neçə saat sonra əksəriyyəti liberal olan Budapeştin minlərlə sakini küçələrə çıxaraq baş nazirin siyasətinin Macarıstanın Avropa İttifaqından qovulmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər.

 

Macarıstan liderinin gey və miqrantların hüquqlarına qarşı hücumları nəticəsində Brüsseldə Orbana inamsızlıq artıb. Orban həmçinin qeyri-hökumət təşkilatları, akademik dairələr, məhkəmə sistemi və media üzərində dövlət nəzarətini gücləndirib.

 

Avropa İttifaqı daha əvvəl Budapeştin qanunun aliliyinə riayət etmək istəməməsi səbəbindən Macarıstana maliyyə dəstəyini dayandırmışdı. Brüsselin qərarı Orbanın son onilliklərin ən uzun iqtisadi tənəzzülünü aradan qaldırmaq cəhdlərini çətinləşdirdi.

 

2010-cu ildən bəri hakimiyyətdə olduğu bütün dövr ərzində Macarıstan siyasətinin veteranı ən çətin sınaqlarla üzləşib. Ölkədəki inflyasiya Aİ-də ən yüksək səviyyələrdən biridir və yüksək faiz dərəcələri iqtisadiyyatı aşağı sürükləyir.

 

Orban keçən həftə Çində keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putinlə əl sıxmasına görə də ABŞ və Aİ-nin tənqidi ilə üzləşib. “Reuters” yazıb ki, Macarıstan və Rusiya liderləri Ukraynadakı müharibə ilə bağlı beynəlxalq gərginliyə baxmayaraq, orada ikitərəfli əməkdaşlığa qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!