ABŞ Prezidenti Donald Trump İslamabadda keçirilən görüşün nəticəsiz qalmasından sonra İranın Vaşinqtona yeni təklif təqdim etdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, o, Palm-Biçdən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə danışıb. Tramp bildirib ki, İranın təqdim etdiyi əvvəlki təkliflər kifayət qədər yaxşı olmayıb.
Onun sözlərinə görə, ABŞ nümayəndələri – Stiv Uitkoff və Cared Kuşnerin Pakistana səfəri ləğv edildikdən cəmi 10 dəqiqə sonra Vaşinqtona yeni sənədlər daxil olub və bu təkliflər əvvəlkilərdən daha yaxşıdır.
İranın uranın zənginləşdirilməsi ilə bağlı mümkün moratoriumu barədə suala cavabında Tramp qeyd edib ki, “onlar çox şey təklif ediblər, amma bu yetərli deyil” və əlavə edib ki, İran nüvə silahına sahib olmamalıdır.
Xatırladaq ki, Tramp daha əvvəl ABŞ nümayəndələrinin İslamabada səfərinin ləğv edildiyini açıqlamış və bildirmişdi ki, danışıqlar telefon vasitəsilə də aparıla bilər.
Qeyd edək ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra regionda qarşılıqlı zərbələr baş verib. Aprelin 8-də tərəflər iki həftəlik atəşkəs barədə razılığa gəlib, daha sonra bu razılaşma uzadılıb. Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən İran-ABŞ danışıqları isə tərəflər arasında fikir ayrılıqları səbəbindən nəticəsiz yekunlaşıb.