Çin humanoid robotlara “şəxsiyyət vəsiqəsi” verməyə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə TNW platforması məlumat yayıb.
Artıq 28 mindən çox robot qeydiyyatdan keçib. Çin humanoid robotların idarə olunması və izlənməsi üçün yeni milli identifikasiya sistemini istifadəyə verib. Yeni sistem çərçivəsində hər humanoid robota istehsaldan utilizasiyaya qədər bütün həyat dövrünü izləməyə imkan verən unikal 29 simvolluq identifikasiya kodu təyin edilir. Hazırda sistemdə 200-dən çox model üzrə 28 mindən artıq robot qeydiyyata alınıb.
“Humanoid Full Lifecycle Management Service Platform” adlanan platforma Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi yanında fəaliyyət göstərən standartlaşdırma komitəsi tərəfindən yaradılıb. Sistem ölkənin vətəndaş şəxsiyyət vəsiqəsi modelinə bənzəsə də, robotlara məxsus əlavə məlumatların saxlanması üçün daha geniş imkanlara malikdir. Yeni identifikasiya kodu robotun istehsalçısı, modeli, seriya nömrəsi, texniki göstəriciləri, süni intellekt səviyyəsi, proqram təminatının təlim tarixi və istehsal qeydlərini əhatə edir. Bununla yanaşı sistem real vaxt rejimində robotun texniki vəziyyətini də izləyir.
Çində humanoid robot sənayesinin sürətlə böyüməsi bu addımı zəruri edib. Ölkədə artıq 100-dən çox humanoid robot istehsalçısı fəaliyyət göstərir. 2025-ci ildə robototexnika və “embodied intelligence” sahəsinə yatırılan investisiyalar may ayının sonuna qədər 3,4 milyard dollara çatıb ki, bu da ABŞ göstəricisini 42 % üstələyir və Avropadan təxminən 5 dəfə çoxdur.