Şimali Amerikanın ev sahibliyi edəcəyi FIFA Dünya Çempionatına sayılı günlər qalmış beynəlxalq mütəxəssislər sürətlə yayılan Ebola epidemiyasının turniri qlobal sağlamlıq böhranına çevirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mərkəzi Afrikada nəzarətdən çıxmağa başlayan epidemiyada virusa məruz qalmış ola biləcəyi ehtimal edilən 2 mindən çox şəxsin kimliyi hələ də müəyyənləşdirilməyib. Əsas narahatlıq isə virusun gizli şəkildə yayılması ilə bağlıdır.
Mütəxəssislərin sözlərinə görə, Ebola virusunun ilk əlamətləri əksər hallarda adi qrip və ya infeksiya simptomları ilə qarışdırılır. Virusa yoluxmuş şəxs günlərlə bunu hiss etmədən səyahət edə bilər. Onların fikrincə, izdihamlı stadiona daxil olan cəmi bir yoluxmuş azarkeş belə milyonlarla insanın izlədiyi turnirdə ciddi sağlamlıq təhlükəsi yarada bilər.
Qeyd edək ki, epidemiyanın əsas ocaqlarından hesab edilən Konqo Demokratik Respublikası da Dünya Çempionatında iştirak edəcək ölkələr sırasındadır.
Təxminən 5,5 milyon azarkeşi qəbul etməyə hazırlaşan ev sahibi ölkələr artıq hava limanlarında fövqəladə təhlükəsizlik tədbirləri tətbiq etməyə başlayıblar.
ABŞ son həftələrdə Konqo Demokratik Respublikası, Uqanda və ya Cənubi Sudanda olmuş xarici vətəndaşların ölkəyə girişinə məhdudiyyət tətbiq edib. Kanada isə həmin ölkələrdən gələn şəxslər üçün ən azı 90 günlük səyahət qadağası tətbiq edib.
Turnir müddətində bütün ev sahibi ölkələrin hava limanlarında ciddi tibbi yoxlamaların aparılacağı bildirilir.