“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
Modern.az xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, Sarukyan məhkəmədən Paşinyanın onun ünvanına səsləndirdiyi bir sıra ifadələrin təkzib edilməsini tələb edir.
Erməni mediasının yazdığına görə, söhbət mayın 28-də səsləndirilən “cinayətkar”, “casus”, “agent”, “cinayət xarakterli sövdələşmə bağlamaq”, “Ermənistan xalqını qarət etmək”, eləcə də “Andranik Tevanyanın xarici xüsusi xidmət orqanlarının göstərişi ilə partiya siyahısına daxil edilməsi” kimi fikirlərdən gedir.
Müxalif siyasətçi bu ifadələrin təhqir və böhtan xarakteri daşıdığını bildirərək, mənəvi zərər və reputasiya itkisinə görə ümumilikdə 9 milyon dram(24 400 dollar) təzminat tələb edib.
Məlumata görə, tələb olunan məbləğin 3 milyon dramı təhqirə, 6 milyon dramı isə böhtan nəticəsində vurulan zərərə görə hesablanıb.