NATO-nun Ankarada keçirilən sammitində Ukraynaya öz daxilində Amerikanın "Patriot" raketlərini istehsal etmək üçün lisenziya verilməsi Rusiyada həyəcana səbəb olub.
Modern.az-ın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynaya belə bir icazənin verilməsi NATO-nun Rusiyanı təhdid etməsi deməkdir. Peskov NATO-nu aqressiv addım atmaqda günahlandırıb və deyib ki, bu, Moskvanı daha güclü olmağa, həmçinin öz siyasətini davam etdirməyə məcbur edir.
Peskov "Vesti" telekanalına müsahibəsində deyib ki, Rusiya rəhbərliyi və aidiyyəti qurumlar ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür. Onun sözlərinə görə, bu tədbirlər “Patriot” zenit-raket komplekslərindən müdafiəni də əhatə edir.
Peskovun sözlərinə görə, NATO yarandığı gündən qarşıdurma məqsədi daşıyan alyans olub və bu gün də həmin missiyasına sadiq qalır.
O bildirib ki, NATO-nun əsas rəqibi əvvəlcə Sovet İttifaqı, daha sonra isə onun hüquqi varisi olan Rusiya Federasiyası olub və bu yanaşma dəyişməyib.
Peskov vurğulayıb ki, Rusiya rəhbərliyi və Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin müdafiəsi üçün hansı addımların atılmalı olduğunu yaxşı bilir və milli maraqların qorunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.