İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Baş komandanı Əhməd Vahidi mərhum ali lider Ayətullah Seyid Əli Xameneiyə hücumun icraçıları, planlaşdırıcıları və dəstəkçilərinin cəzalandırılmasının “qanuni və unudulmayacaq tələb” olduğunu bildirib.
Modern.az "Mehr"ə istinadən xəbər verir ki, SEPAH komandanı yayımladığı mesajında ABŞ rəhbərliyinə və İrana qarşı çıxan qüvvələrə xəbərdarlıq edib.
Əhməd Vahidi bildirib ki, Xameneinin tökülən qanı onların üzərinə daimi məsuliyyət qoyub.
“Şəhidlərin qanının hesabının soruşulması və bu cinayətin icraçıları, planlaşdırıcıları və dəstəkçilərinin cəzalandırılması qəti, qanuni və unudulmayacaq tələbdir”.
SEPAH komandanı bildirib ki, bu tələb ədalət tam təmin olunana və məsul şəxslər layiqli cavab alana qədər, xüsusilə ABŞ ordusu ilə bağlı olaraq, İslam ümmətinin və Müqavimət Cəbhəsinin tarixi yaddaşında yaşayacaq.
Xatırladaq ki, bu il fevralın 28-də ABŞ və İsrailin hava hücumu nəticəsində Tehranda öldürülən Xamenei dünən İranın Məşhəd şəhərində torpağa tapşırılıb.