İranın cənubunda baş verən hava zərbələrinin kim tərəfindən endirildiyi hələ də məlum deyil. Hücumlara görə indiyədək heç bir ölkə məsuliyyəti öz üzərinə götürməyib.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, partlayışlar Buşehr, Sistan və Bəlucistan əyalətlərində, həmçinin Əhvaz və Çabahar şəhərlərində qeydə alınıb.
Hadisədən əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) səhər saatlarında növbəti əməliyyat mərhələsinin başa çatdığını və təxminən 90 hədəfin vurulduğunu açıqlayıb. ABŞ rəsmilərindən biri isə bundan sonra Vaşinqtonun İrana qarşı yeni hava zərbələri endirmədiyini bildirib.
Tehran hücumlara görə heç bir dövləti birbaşa ittiham etməyib. Bununla yanaşı İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü və İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandiri İsmayıl Küsəri Birləşmiş Ərəb Əmirliklərini ABŞ ilə əməkdaşlıqda ittiham edərək, Əbu-Dabinin bunun bədəlini ödəyəcəyini deyib.
İsrail də İrana qarşı yeni hücumlar həyata keçirdiyini açıqlamayıb. Qeyd olunur ki, Təl-Əviv iyun ayından bəri İrana zərbə endirməyib. Hərbi əməliyyatlar rəsmi şəkildə açıqlanır.