ABŞ-də Rusiyaya qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi Ağ Evlə razılaşdırılıb və yaxın vaxtlarda qəbul edilə bilər.
Modern.az xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem bildirib.
Onun sözlərinə görə, qanun layihəsi Prezident Donald Trampa Rusiyadan ucuz neft alaraq Kremlin fəaliyyətini maliyyələşdirən ölkələrə qarşı tariflər və sanksiyalar tətbiq etmək səlahiyyəti verəcək.
Senator qeyd edib ki, sənəd Rusiyadan təbii qaz alan ölkələrə, eləcə də ucuz Rusiya neftini alıb mənfəət əldə etmək üçün yenidən satan və sanksiyalardan yayınan aparıcı beş ölkəyə qarşı da məhdudiyyətlərin tətbiqinə imkan yaradacaq:
“Yarım saat əvvəl Ağ Evlə dəstəklənəcək qanun layihəsi variantı üzrə razılıq əldə etdik. Bu isə o deməkdir ki, sənəd qanuna çevriləcək”.
Onun sözlərinə görə, Vaşinqtona qayıtdıqdan sonra qanun layihəsinin Konqresdə irəli sürülməsi üçün respublikaçı və demokrat liderlərlə görüşəcək.
Lindsi Qrem əlavə edib ki, ABŞ Ukraynanın ballistik raket hücumlarından müdafiəsini gücləndirmək üçün texnoloji sahədə də əlavə addımlar ata bilər.