ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcılarının mümkün satışı ilə bağlı tənqidlərinə sərt reaksiya verib.
Modern.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
Məlumata görə, Tramp Netanyahunun ABŞ-ın hərbi qərarlarına açıq şəkildə müdaxilə etməsindən narazı qalıb və onun bu məsələyə qarışmağa "haqqı olmadığını" bildirib.
Xatırladaq ki, Netanyahu daha əvvəl Türkiyənin F-35 qırıcıları əldə etməsinin Yaxın Şərqdə qüvvələr balansını poza biləcəyini bəyan etmişdi. O, bu addımın regionun təhlükəsizlik arxitekturasına təsir göstərəcəyini vurğulamışdı.
Axios-un məlumatına əsasən, Tramp İsrail liderinin açıqlamalarını ABŞ-ın müdafiə siyasətinə təsir göstərmək cəhdi kimi qiymətləndirib. Bunun Vaşinqton və Təl-Əviv arasında müəyyən narazılıq yaratdığı bildirilir.
Qeyd edək ki, Türkiyənin F-35 proqramına qayıdışı məsələsi son aylarda yenidən beynəlxalq gündəmdə müzakirə olunur. NATO-nun Ankara sammitində Ankara ilə Vaşinqton arasında bu istiqamətdə təmasların davam edəcəyi vurğulanmışdı.