Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Yeni məhdudiyyətlərə beş şirkət və bir fiziki şəxs daxil edilib.
Modern.az rus mediasına istinadən xəbər verir ki, sanksiyaların tətbiqinə ilk dəfə Kiyevə endirilən zərbələr əsas kimi göstərilib.
Söhbət iyulun 1-i və 5-i gecələrində Kiyevə həyata keçirilən hücumlardan gedir.
Sanksiya siyahısına daxil edilən bütün tərəflərin pilotsuz uçuş aparatları üçün elektron və radioelektron komponentlər hazırlayan və istehsal edən “ABS Electro” şirkətlər qrupuyla əlaqəli olduğu bildirilir.
Siyahıda şirkətin direktorlar şurasının sədri İrina Xarısova və Rusiyanın “Şahid” və “Geran” pilotsuz uçuş aparatlarının imkanlarını artıran sistemlərin hazırlanmasına töhfə verən beş müəssisə yer alıb.
Bundan əlavə, həmin şirkətlərin Rusiya enerji sektoru üçün avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal etdiyi qeyd olunub.
Qeyd edək ki, iyun ayında elan edilən Rusiyaya qarşı 21-ci sanksiya paketi ölkənin enerji sektoruna və pilotsuz uçuş aparatları istehsal edən şirkətlərə qarşı məhdudiyyətləri, həmçinin Rusiya neftinin qiymət tavanının müvəqqəti dondurulmasını nəzərdə tutur.
Yunanıstan sanksiya paketinin qəbul edilməsinə qarşı çıxıb. “Financial Times” qəzetinin məlumatına görə, buna səbəb Yunanıstan biznesinin mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı maraqlarıdır.