Rusiyada yanacaq bazarında yaranan çətinliklər fonunda yanacaqdoldurma məntəqələrinin (YDM) kütləvi şəkildə satışa çıxarıldığı bildirilir.
Modern.az xəbər verir ki, onların arasında həm özəl, həm də iri neft şirkətlərinə məxsus yanacaqdoldurma məntəqələri var.
Rusiya KİV-lərinin marketinq platformaları, daşınmaz əmlakın satışı üzrə saytlar və korporativ resurslar əsasında apardığı təhlilə görə, son bir ay ərzində ölkədə 150-dən çox yanacaqdoldurma məntəqəsinin satışı ilə bağlı elan yerləşdirilib.
Obyektlərin qiyməti yerləşdiyi regiondan, texniki təchizatından və digər xüsusiyyətlərindən asılı olaraq 1 milyon rubldan 150 milyon rubla qədər dəyişir.
Mütəxəssislərin fikrincə, özəl yanacaqdoldurma məntəqələrinin üzləşdiyi əsas problem topdansatış yanacaq qiymətlərinin artmasıdır. Müstəqil operatorlar benzin və dizel yanacağını birja və ya vasitəçilər vasitəsilə yüksək qiymətə almağa məcbur qalırlar. Böyük neft şirkətləri isə ilk növbədə öz yanacaqdoldurma şəbəkələrini yanacaqla təmin edirlər.
ASTRA Telegram kanalının məlumatına görə, 2026-cı ilin əvvəlinə Rusiyada təxminən 27,7 min yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. Onların 19,84 minə yaxını müstəqil operatorlara məxsus olub. Məhz bu seqment artan xərclər və yanacaq tədarükündəki qeyri-sabitlikdən ən çox zərər çəkən sahə hesab olunur.