Keniya Prezidenti Uilyam Rutonun rəsmi internet saytı haker hücumuna məruz qalıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kenyans.co nəşri məlumat yayıb.
Məlumata görə, saytın əsas səhifəsində rəsmi məlumatların əvəzinə prezidentə qarşı yönəlmiş təhqiramiz məzmun yerləşdirilib. Hakerlər eyni zamanda kriptovalyuta pul kisəsinin ünvanını paylaşaraq 5 bitkoin (təxminən 319 min ABŞ dolları) məbləğində fidyə tələb ediblər.
Onlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə prezidentlə bağlı müəyyən məlumatları ictimaiyyətə açıqlayacaqları ilə hədələyiblər.
Hakerlərin paylaşdığı mesajda deyilir:
"Bu, sizə üçüncü və son xəbərdarlığımızdır. Sizinlə bağlı bütün məlumatları açıqlamazdan əvvəl 5 bitkoini göstərilən kriptovalyuta hesabına köçürün."
Nəşrin məlumatına görə, Keniya hakimiyyəti kibermüdaxilə faktını təsdiqləyib. Bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislər problemi aradan qaldırmaq və sayt üzərində nəzarəti bərpa etmək üçün çalışırlar.
Hadisə ilə bağlı araşdırma aparılır.