Ermənistan Hindistan istehsalı olan "Astra" sinif "hava-hava" raketlərinin alınması ilə bağlı danışıqları yekun mərhələyə çatdırıb.
Modern.az xəbər verir ki, bu barədə Hindistanın BusinessLine nəşri məlumat yayıb. Məlumata görə, Hindistanın "Astra" raketlərinə maraq göstərən ən azı altı ölkə var və onların sırasında Ermənistan da yer alır.
Nəşrin mənbələrinin bildirdiyinə əsasən, İrəvan bu raketlərin Rusiya istehsalı olan Su-30SM qırıcılarına inteqrasiyası ilə bağlı Yeni Dehli ilə danışıqların irəli mərhələsindədir. Bu, son illər Hindistan və Ermənistan arasında genişlənən hərbi-texniki əməkdaşlığın növbəti mərhələsi kimi qiymətləndirilir.
"Astra Mk-1" raketi Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanıb, Bharat Dynamics Limited (BDL) şirkəti tərəfindən istehsal olunur. Raket 4,5 Max sürətə çatır və 110 kilometrədək məsafədə hədəfləri vurmaq imkanına malikdir.
Bundan başqa, Hindistan artıq 200-240 kilometr mənzilli "Astra Mk-2" versiyasını da sınaqdan keçirib. Hazırda 300 kilometrdən çox uçuş məsafəsinə malik olması nəzərdə tutulan "Astra Mk-3" raketi üzərində işlər davam etdirilir.
Qeyd edək ki, Ermənistan rəhbərliyi son dövrlər regionda sülh gündəliyini dəstəklədiyini sözdə bəyan etsə də, paralel olaraq hərbi arsenalını genişləndirmək istiqamətində addımlarını davam etdirir. Son illərdə İrəvanın müxtəlif ölkələrdən yeni silah və hərbi texnika alması, o cümlədən Hindistanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməsi bu siyasətin davam etdiyini göstərir.