ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan geniş çeşidli məhsullara 50 faizlik gömrük rüsumu tətbiq edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Trampın ABŞ istehsalı olan avtomobillərə, süd məhsullarına və spirtli içkilərə qarşı Kanadanın tətbiq etdiyi "qeyri-bərabər münasibətə" cavab olaraq qəbul edilib.
Yeni rüsumlar şərab, xokkey çubuqları kimi gündəlik istehlak malları, eləcə də sement kimi sənaye məhsullarını əhatə edir. Bununla belə, enerji daşıyıcıları, potaş, kritik minerallar və balıq məhsulları kimi Kanadanın əsas ixrac məhsulları yeni tariflərdən azad olunub. Kanadanın Baş naziri Mark Karni isə cavab olaraq ölkəsinin yaxın həftələrdə ABŞ ilə ticarət danışıqlarını intensivləşdirməyə hazır olduğunu bəyan edib.
Ağ Ev yeni gömrük rüsumlarının 30 gün sonra qüvvəyə minəcəyini açıqlayıb. Qərar Şimali Amerikanın iki qonşu ölkəsi arasında ticarət gərginliyinin əhəmiyyətli dərəcədə artması kimi qiymətləndirilir. ABŞ və Kanada arasında ticarət münasibətlərində gərginlik Donald Trampın 2025-ci ilin yanvarında yenidən prezident vəzifəsinə qayıtmasından və qlobal miqyasda geniş tarif siyasəti tətbiq etməsindən sonra daha da dərinləşib.
Gömrük tarifləri xaricdən idxal edilən məhsullara tətbiq olunan vergilərdir və həmin vergilər məhsulları ölkəyə gətirən şirkətlər tərəfindən dövlət büdcəsinə ödənilir.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi bu ilin əvvəlində Trampın fövqəladə səlahiyyətlərə əsaslanaraq qlobal miqyasda tətbiq etdiyi bir sıra tariflərin qanunsuz şəkildə qəbul edildiyinə qərar vermişdi. Lakin Kanadaya qarşı son qərar məhkəmələrdə indiyədək sınaqdan keçirilməmiş fərqli hüquqi mexanizm əsasında qəbul olunub.
Kanada ABŞ-ın ən yaxın ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ötən il Tramp administrasiyasının tətbiq etdiyi tariflərə cavab tədbirləri görən azsaylı ölkələrdən biri olub.