Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın heç vaxt yalnız Qərbə yönəlmiş xarici siyasət kursu olmayıb və ölkə coğrafi ölçüsünə görə digər istiqamətləri də nəzərə almağa məcburdur.
Modern.az xəbər verir ki, Peskov Rusiyanın Qərblə tərəfdaşlıq etdiyi illərdə də Şərq ölkələri ilə fəal əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, həmin dövrdə yaradılan təməl bu gün də ölkəyə fayda verir.
Kreml sözçüsü qeyd edib ki, Rusiya suveren informasiya texnologiyalarına və öz məzmununu formalaşdırmağa imkan verən alətlərə malik olmalıdır. O bildirib ki, milli sosial şəbəkələrin mövcudluğu texnoloji suverenliyin göstəricisidir və bunu yalnız az sayda ölkə təmin edə bilir.
Peskov əlavə edib ki, Rusiya ABŞ-dan fərqli olaraq sosial dövlətdir və sosial şəbəkələrə yüz milyardlarla dollar vəsait xərcləmir.
Onun sözlərinə görə, informasiya və texnoloji suverenlik əsasən böhran dövrlərində inkişaf edir. Peskov iddia edib ki, informasiya məkanında qanunlar deyil, güclü və texnoloji cəhətdən inkişaf etmiş tərəfin üstünlüyü hökm sürür.
Kreml sözçüsü, həmçinin Prezident Vladimir Putinin istənilən mövzunu hərtərəfli öyrəndiyini və uzun illər həmin sahədə çalışan mütəxəssislərlə peşəkar səviyyədə müzakirə aparmaq bacarığına malik olduğunu deyib.