ABŞ-də keçirilən son rəy sorğusuna görə, amerikalıların cəmi üçdə biri İranla müharibəni dəstəkləyir və respondentlərin əksəriyyəti Prezident Donald Trampın bu münaqişənin məqsədlərini aydın izah etmədiyini düşünür.
Modern.az xəbər verir ki, Reuters və Ipsos International Services-in iyulun 24-26-da keçirdiyi sorğunun nəticələrinə əsasən, İranla müharibəyə dəstək beş aydır davam edən münaqişə ərzində ən aşağı səviyyəyə enib.
Sorğu iştirakçılarının 69 faizi, o cümlədən respublikaçıların 40 faizi Donald Trampın ABŞ-ın İrana hərbi müdaxiləsinin məqsədlərini kifayət qədər aydın izah etmədiyini bildirib.
Qeyd olunur ki, Tramp münaqişənin məqsədləri kimi İran xalqına hakimiyyətin dəyişdirilməsində kömək göstərilməsi, ölkənin ballistik raket potensialının məhv edilməsi və Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını göstərib.
Ağ Evin mətbuat katibinin müavini Oliviya Uells isə bildirib ki, Tramp qərarlarını "dəyişkən ictimai rəy sorğularına" əsaslanaraq verməyəcək. Onun sözlərinə görə, ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətlidir.
"Amerika xalqı üçün ən vacib məsələ onların təhlükəsizliyini təmin etmək üçün cəsarətli addımlar atan ali baş komandanın olmasıdır", - deyə Uells vurğulayıb.
Sorğu həmçinin göstərib ki, Trampın fəaliyyətini bəyənmə reytinqi iyunun sonundakı 34 faizdən 37 faizə yüksəlib. Bununla belə, bu göstərici onun 2025-ci il yanvarın 20-də vəzifəyə başlamasından bəri ən aşağı səviyyələrdən biri olaraq qalır.
1248 ABŞ vətəndaşı arasında keçirilən sorğuya əsasən, fevralın 28-də başlanan ABŞ və İsrailin İranla münaqişəsinə dəstək 40 faizdən aşağı olub. Bu göstərici ABŞ-ın son onilliklərdə iştirak etdiyi digər müharibələrin ilk aylarındakı dəstək səviyyəsindən xeyli aşağıdır.
Müqayisə üçün qeyd edilir ki, 2003-cü ildə başlayan İraq müharibəsinin ilk aylarında amerikalıların təxminən 70 faizi bu müharibəni dəstəkləyirdi. Gallup sorğularına əsasən, 2001-ci ildə başlayan Əfqanıstan müharibəsinin ilkin mərhələsində isə dəstək təxminən 90 faiz təşkil edib.