ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı, İsrail və Hörmüz boğazı ilə bağlı sərt açıqlamalar verib.
Modern.az xəbər verir ki, Tramp ABŞ-ın İranın nüvə fəaliyyətləri barədə kifayət qədər məlumata malik olduğunu bildirib. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun bu barədə əlavə məlumat açıqlayacağını ictimai şəkildə bəyan etməsinə ehtiyac yoxdur.
Tramp qeyd edib ki, İran razılaşmaya getməyəcəyi təqdirdə ABŞ ölkənin əsas infrastrukturunu qısa müddətdə sıradan çıxarmaq imkanına malikdir.
"İstəsəm, iki saatdan az müddətdə İranın əsas körpülərinin böyük hissəsini məhv edə bilərəm. Bir gün ərzində isə bütün elektrik stansiyalarını sıradan çıxarmaq mümkündür. Bu halda təxminən 91 milyon insan işıqsız və körpüsüz qala bilər. Ancaq bunu etməmək mümkündürsə, buna üstünlük verərəm", - deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin İranın nüvə silahına malik olmamaq barədə razılıq verdiyini iddia edib.
"Əslində bunu sadəcə rəsmi şəkildə rəsmiləşdirmək lazımdır. Onlar nüvə silahına sahib olmamağa razılaşıblar", - deyə o vurğulayıb.
Tramp çıxışında keçmiş prezident Barak Obamanı da tənqid edib. Onun sözlərinə görə, Obama İranla dostluq münasibətləri qurmağa çalışsa da, Tehran həmin dövrdə nüvə raketləri hazırlamağa cəhd edib.
ABŞ Prezidenti İsrail barədə də iddialı fikir səsləndirib.
"Əgər mən ABŞ Prezidenti olmasaydım, bu gün İsrail mövcud olmazdı", - deyə Tramp bildirib.
O, həmçinin Hörmüz boğazına nəzarətin ABŞ-da olduğunu iddia edib.
"İran boğaza bir neçə mina ata və problemlər yarada bilər. Amma boğaza nəzarət edən bizik", - deyə Tramp əlavə edib.