Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Sibiqa sosial şəbəkə hesabında məlumat yayıb.
Nazir bildirib ki, söhbət zamanı son gəmi insidenti ilə bağlı açıq fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, Ukraynanın bütün hərəkətləri yalnız Rusiyanın təcavüzündən müdafiəyə yönəlib və heç vaxt mülki gəmiləri və ya insanları hədəf almayıb.
Sibiqa qeyd edib ki, bu mövqe son insident nəticəsində həlak olduğu bildirilən İran vətəndaşı və hücuma məruz qaldığı iddia edilən mülki gəmi ilə bağlı məsələyə də aiddir.
Ukraynalı nazir vurğulayıb ki, baş verən hadisələrin əsas səbəbi Rusiyanın Ukraynaya qarşı apardığı müharibədir və bütün təxribatlar, eləcə də itkilərə görə məsuliyyət Moskvanın üzərinə düşür.
O, eyni zamanda gərginliyi artıracaq addımlardan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə verilən dəstəyin dayandırılmasına çağırıb. Sibiqa əlavə edib ki, Ukraynanın mövqeyi dəyişməz olaraq qalır və həm Avropa, həm də Yaxın Şərq sabitlik, təhlükəsizlik və sülhə layiqdir.